Səlim Babullaoğlu Türk Ədəbiyyatı Vəqfinin Azərbaycandakı təmsilçisi oldu

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Türk Ədəbiyyatı Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub.

Türk Ədəbiyyatı Vəqfi mətbuat xidmətinin verdiyi xəbərə görə, Vəqfin başqanı Sərhəd Kabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub:

“Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irsin gələcəyə ötürülməsi, keçimişdə böyük xidmətlərə imza atmış dəyərli adların xatırlanaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı iş birliklərinin gücləndirilməsi ümidlərilə qurulan Türk Ədəbiyyatı Vəqfinin egidasıyla  dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”

Səlim Babullaoğlu bu barədə açıqlamasında deyib:

“Türkiyə Ədəbiyyat Vəqfi” Türkiyənin dəyərli, türkdilli arealda bilinən, görkəmli türk yazarı, jurnalisti Əhməd Kabaklı tərəfindən təsis edilmiş qurumlarındandır, “Türk Edebiyyatı” dərgisi kimi ciddi nəşri 50 ilə yaxındır, hər ay nəşr edir. Mən Vəqfin rəhbəri hörmətli Sərhəd Kabaklıya, tanınmış tərcüməçi və yazar İmdat Avşar başda olmaqla, namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, idarə heyəti üzvlərinə təşəkkür edirəm.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və ədəbi mübadilə işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim, yəqin ki, türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslı xarakter alacaq...” \525.az\


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!