Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib

Daşkənd şəhərinin "Turon" informasiya-Kitabxana Mərkəzində V Respublika “Kitab həftəsi”nin açılışı olub. Tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

 

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Nəşrlər arasında Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər olub.

 

Tədbir zamanı folklor kollektivləri və məktəb şagirdləri şifahi xalq yaradıcılığı ilə bağlı mahnılar ifa ediblər, şairlərin şeirləri oxunulub.

 

Qeyd edək ki, tədbir Özbəkistan Respublikası Nazirlər Kabinetinin “2020-2025-ci illər üçün oxu mədəniyyətinin inkişafı və Dəstək Milli Proqramının təsdiq edilməsi haqqında” qərarı əsasında keçirilir və 2021-ci ildən başlayaraq hər il təşkil olunur.

 

Bu il tədbirlər “Özbəkistan oxucular ölkəsidir” şüarı altında keçirilib. Tədbir çərçivəsində Daşkənd vilayətinin regionlarında mütaliənin geniş təbliğinə yönəlmiş müxtəlif layihələr, həmçinin yeni nəşr olunmuş kitabların təqdimatları keçirilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!