Şairin məzarı ziyarət edildi, Rəsul Rza mükafatı laureatlara təqdim olundu
Od nə çəkdi,
küldən soruş!
hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
El bu suala çoxdan cavab verib. Rəsul Rza XX əsrin son çərəyində dünya ilə vidalaşdı, amma onun poeziyası ötən əsrdən XXI əsrə adladı. Rəsul Rza bu gün də əbədiyaşar misraları ilə sıralarımızdadır. Gələcək günlərdə də yeni nəsillər Rəsul Rza poeziyasının cazibəsinə düşəcəklər və onu yaşadacaqlar. Rəsul Rza fenomeni Azərbaycan poeziyasında mayak kimi həmişə poetik üfüqlərə yol açacaq. Zaman bu həqiqəti çoxdan təsdiq edib.
Onun şeirlərinin mahiyyət və məzmununda həm lirika, həm Vətən obrazı, xalqın tarixi, həm də bəşəriyyətin taleyi haqqında fikirlər öz əksini tapır. Bu şeirlər öz quruluşuna görə gözlənilməz illüziyalarla, assosiasiyalarla ("Rənglər" silsiləsini xatırlayaq) yeni poetik təbəqə, poetik düstur və intellektual sahə yaratdı ki, o sahəyə aid olmaq, orda yaşamaq, o sahənin poetik vətəndaşı olmaq yeni ədəbi nəsillər üçün qürur mənbəyidir.
Rəsul Rza poeziyasının daxili hərəkətverici qüvvəsi mənsub olduğu xalqın tarixi taleyi olub. Müxtəlif illərdə yazdığı "Təbrizim mənim", "Ərk qalası", "Didərginlər", "Vətən dedim", "Şuşam mənim" şeirlərində vətənin ağrılarını dilə gətirən şair "Mən torpağam", "İnsan şəkli" və bu qəbil şeirlərində böyük hərflərlə yazılan İnsan obrazını, onun nigaran duyğularını, arzu və istəklərini poetik dillə ifadə edir. Bu misralar humanist şairin İnsan oğluna - gələcək nəsillərə vəsiyyəti kimi səslənir:
Mən istəyirəm:
buludlar ağlasın,
uşaqlar ağlamasın;
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı, ya amansız.
Tanrının insana bəxş etdiyi ən qiymətli nemət Vaxtdır. Şair yazır:
Vaxt var ikən
bircə qələm vur,
bir budaq peyvənd elə.
Demə, o necə, mən də elə.
Düşmənə amansız ol,
dosta xoşqılıq!
Vaxt var ikən
elə yaşa, elə çalış,
bir gün sən olmayanda
hər kəsə aydın görünsün
yerində qalan boşluq.
Özü Tanrının ona verdiyi Vaxtı xalqına, ədəbiyyatımıza sərf etdi və ölməz incilər yaratdı. Bu səbəbdən qədirbilən xalqımız bu gün də onu qəlbində yaşadır. Rəsul Rza XX əsr Azərbaycan poeziyasında yeni mərhələnin başlanğıcını qoydu, onun poeziyada açdığı iz modern şeirimizin gəlişməsinə vəsilə oldu. Rəsul Rza öz ardıcıllarını yetişdirdi - Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə... Onlara haqsız hücumlar olanda da böyük şair sinəsini irəli verib onları qorudu. Və bununla da poeziyamızın inkişafına təkan verdi. Bütün parametrlər üzrə onun Azərbaycan poeziyasında xidmətləri ölçüyəgəlməzdir.
2025-ci il mayın 19-da, günəşli yaz səhərində Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ilinin tamamında böyük şairin Fəxri Xiyabandakı məzarı ziyarət edildi, məzarı üzərinə tər gül dəstələri düzüldü. Şairin məzarı başında keçirilən tədbirin aparıcısı akademik, millət vəkili Rafael Hüseynov Rəsul Rzanın ədəbiyyat, mənəviyyat və ictimai fikir tariximizdəki mühüm xidmətlərindən danışdı. Əməkdar İncəsənət xadimi, şair Yusif Həsənbəy Rəsul Rza ilə bağlı xatirələrini dilə gətirdi, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs Rəsul Rzanın Azərbaycan poeziyasındakı xidmətlərini xatırlatdı. Xalq yazıçısı Anar atasının xatirəsini əziz tutduqları üçün iştirakçılara minnətdarlığını bildirdi.
Daha sonra, hər il olduğu kimi, bu dəfə də Azərbaycan Yazıçılar Birliyində Rəsul Rza mükafatının təqdimat mərasimi keçirildi. Heç şübhəsiz, Rəsul Rzanın adını daşıyan mükafat hər bir ədəbiyyat adamı üçün bir uğur impulsudur, peşəkarlığın zəmanətidir. Mükafatlandırmadan öncə akademik, millət vəkili Rafael Hüseynov Rəsul Rza yaradıcılığının sonrakı nəsillərə təsiri və poeziyamızdakı rolu barədə geniş və ətraflı çıxış etdi və qeyd etdi ki, Rəsul Rza mükafatının sahibləri həm də öz qələmləriylə böyük şairin yolunu davam etdirirlər. Rəsul Rza deyirdi ki, "mən ürəyəm, döyünməsəm, ölərəm". İstedadlı qələmlər daim var olmalıdır ki, o ürək hər zaman döyünsün.
Ədəbiyyatşünas Etibar Əbilova, şairlərdən Musa Aslanxanlıya, Əli Yusifə, Aləmzər Sadıqqızına, yazıçı-publisist Kənan Hacıya Rəsul Rza mükafatı təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar laureatları təbrik etdi və onlara daha böyük yaradıcılıq uğurları arzuladı.
Ədəbiyyatımızın tarixində daha bir unudulmaz Rəsul Rza günü yaşandı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!