Tacikistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi açılıb

Tacikistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılış mərasimi olub. Guşə Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində açılıb.

 

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon, eləcə də hər iki ölkənin nazirlik və Milli Kitabxana nümayəndələri, elmi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

 

Guşədə oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.

Qeyd edək ki, Mədəniyyət Günləri çərçivəsində artıq beşinci ölkədir ki, ən böyük kitabxanalarda Azərbaycan ədəbiyyatı guşəsi yaradılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!