Türkiyənin Amasya vilayətində davam edən 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görmüş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İskəndərnamə” və XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərlərinin Türkiyə türkcəsinə çevrilmiş və nəfis şəkildə nəşr edilmiş kitabların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sərgi ziyarətçiləri, ədəbiyyatsevərlər, məktəblilər iştirak ediblər.
Toplantının moderatoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Azərbaycan ədəbiyyatında hər iki şairin yaradıcılığı, zəngin irsi, əsərlərinin başlıca ideyaları – Azərbaycan, Türk dünyası ədəbiyyatının zirvəsi kimi tədqiq və təbliği, poeziyamızda sələf-xələf münasibətlərinin ardıcıllığı barədə çıxış edib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi və Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında danışaraq, Azərbaycan dövlətinin bu cür şəxsiyyətlərin irsinin tanıdılması və təbliği istiqamətində mühüm layihələr həyata keçirdiyini, dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2021-ci il “Nizami Gəncəvi İli” elan edildiyini, 2025-ci ildə isə Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalandığını söyləyib. O, bəşər mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan mədəniyyəti və ədəbiyyatı, onun Türkiyədə tədqiqi, təbliği və tədrisi istiqamətində görülən işlər barədə danışaraq, gerçəkləşdirilən layihələr, dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin, habelə Nizami Gəncəvi haqqında elmi və bədii nəşrlərin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə mərhələli şəkildə Türkiyə türkcəsinə tərcümə edilərək qardaş ölkə oxucularına təqdim edildiyini söyləyib.
Çıxışçılar Azərbaycan Mədəniyyət Mərkəzinin Türk Mədəniyyəti İrsi Fondu ilə birgə həyata keçirdiyi digər layihə – Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri haqqında danışıblar. Əsərin Türkiyə türkcəsinə tərcümə edilərək nəşrinin əhəmiyyətli olduğunu, gələcəkdə onun Türkiyədə teatrlarında səhnələşdirilməsinə yol açacağını bildiriblər.
Azərbaycan Respublikası Kitabxana Kollektorunun direktoru, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, şair, yazar Fərid Hüseyn Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri haqqında danışıb, əsərin Türkiyə türkcəsinə çevrilərək nəşrinin türkiyəli oxucuların Bəxtiyar Vahabzadə əsərlərindən öyrənə biləcəyi məqamları diqqətə çatdırıb. O, Bəxtiyar Vahabzadənin şeirlə yanaşı, tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gəncnəslin tərbiyəsində böyük rol oynadığını, onun pyeslərinin Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulduğunu söyləyib.
Azərbaycan ədəbiyyatının hər iki dahi şairinin – Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin əsərlərindən səsləndirən bədii parçalar iştirakçılar tərəfindən maraqla qarşılandı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!