“İrsi və dəyərləri ilə Heydər Əliyev” – esse müsabiqəsi başa çatıb

Mayın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı reallaşan “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsinin yekun mərhələsi keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müsabiqə 12-16 yaşlı məktəblilər arasında təşkil olunub.

Müsabiqənin məqsədi yeniyetmələr arasında Heydər Əliyevin zəngin dövlətçilik irsini və milli dəyərlərə verdiyi töhfəni daha da dərindən tanıtmaq, onların fikirlərini ifadə etməyə imkan yaratmaqdır.

Aprelin 15-də elan olunmuş müsabiqəyə Bakı şəhəri və digər bölgələrdən ümumilikdə 60 məktəbdən şagirdlər müraciət ediblər. Onların sırasından yalnız 20 məktəbdən 32 şagird müsabiqə şərtlərini müvəffəqiyyətlə yerinə yetirərək yekun mərhələyə keçid alıb.

Müsabiqəyə təqdim olunan esselərdə iştirakçılar Ulu öndərin müstəqil Azərbaycanın inkişafı yolunda misilsiz fəaliyyəti, dövlətçilik fəlsəfəsi və milli irsin qorunması istiqamətində gördüyü mühüm işlər barədə fikirlər yer alıb. Mətnlərdə dahi siyasətçinin parlaq şəxsiyyəti, uzaqgörən siyasəti və Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətləri böyük həvəs və maraqlı bir dillə təsvir olunub.

Tədbirdə kitabxananın əməkdaşı tərəfindən Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə geniş məruzə təqdim edilib. Həmçinin Ümummilli liderə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçıların esseləri əsasında virtual istifadəçilər üçün hazırlanan elektron məlumat bazası təqdim olunub.

Müsabiqənin nəticələrinə əsasən, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Ləman Mikayıllı I, 247 nömrəli tam orta məktəbin şagirdi Fidan Fəttahova II, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdi Əzizə Bəhruzlu isə III yerə layiq görülüblər. Qaliblər “Böyük azərbaycanlı” və “Lider” adlı kitablarla, diplomlarla və müxtəlif hədiyyələrlə təltif olunublar.

Eyni zamanda müsabiqədə iştirak edən digər şagirdlər də fəallıqlarına görə təşəkkürnamələr, kitablar və “Göy qurşağı” jurnalı ilə mükafatlandırılıblar.

 
medeniyyet.info.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!