Şair-qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, şair-qəzəlxan Mahcamal Babayevanın 75 illik yubileyinə həsr olunmuş “Hələ də gec deyil” adlı ədəbi-bədii musiqili gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, yazıçı Aysel Fikrət qızının aparıcılığı ilə keçən gecədə şairin qələm dostları və ziyalılar iştirak ediblər.

 

Yazıçılar Birliyinin katibi, şair, dramaturq, yazıçı İlqar Fəhmi çıxış edərək Mahcamal xanımın klassik janrda yazdığı şeir nümunələrində şairin öz dəst-xəti olduğunu xüsusi qeyd edib. Yubilyarın müasir zamanı əks edən qəzəllərində vətənpərvərliyi, insanın duyğu və hisslərinin poetik tərzdə ifadəsinin uğurlu olduğunu diqqətə çatdırıb.

 

Daha sonra Azərbaycan Televiziyasının rejissoru Nizami Süleymanovun müəllifi olduğu şairin həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə çıxış edərək klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirlərin möhtəşəmliyini qeyd edib.

 

“Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva, professor, musiqişünas Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, “Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, Xalq artisti Şəfiqə Eyvazova, Əmircan qəsəbəsinin ziyalıları adından Hicran Şərifov və digər qələm sahibləri çıxış edərək Mahcamal xanımın müasir poeziyamızdakı rolunu qeyd edərək onun Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi və ictimai proseslərdə fəal iştirakını vurğulayıblar.

Gecədə Eldar İsmayılov tərəfindən Mahcamal xanıma "Dədə Qorqud" mükafatı verilib və aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.

Yubilyar tədbirin iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

 

Bədii hissədə Xalq artistləri Şəfiqə Eyvazova, Teyyub Aslanov, Əməkdar artist Bəsti Sevdiyeva, AMK dosenti Mehri Arifqızı, gənc xanəndələr Məftun Səfərli, Daşqın Kürçaylı, Mədinə Səlimi və Cabbar Paşazadənin rəhbərliyi ilə "Arazbarı" ansamblı çıxış edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!