Ölkəmiz 34-cü Doha Beynəlxalq Kitab Sərgisində təmsil olunur

8-17 may tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində 34-cü Beynəlxalq Kitab Sərgisi keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Qətər Dövlətindəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə milli stendlə təmsil olunur.

15 kvadratmetr sahədə ödənişsiz əsaslarla qurulan stendimizdə ölkəmizə dair 207 adda 300-ə yaxın yeni nəşr nümunəsi yer alıb. Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafına dair kitablar barədə ətraflı məlumat verilir.

Mədəniyyət Nazirliyi Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Aydan Nurəlizadə və Kitab sənayesi şöbəsinin əməkdaşı Kəmalə Əlyarova sərginin açılış günü bir sıra tədbirlərə qatılıb. Eyni zamanda bu ilin oktyabr ayında keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi haqqında ətraflı məlumat verilib və bu haqda hazırlanmış videotəqdimat nümayiş etdirilib.

Sərginin açılış günü Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd bin Casim bin Həməd Al Tani və Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Adış Məmmədov da pavilyonumuzu ziyarət ediblər.

29 min kvadratmetr sahədə 40 ölkədən 500-ə yaxın nəşriyyatın təmsil olunduğu 34-cü Doha Beynəlxalq Kitab Sərgisinə böyük maraq var.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!