“Prezdent İlham Əliyevin rəhbərliyi ilə Ağdama, Xocalıya, Şuşaya və bütün digər azad olunmuş ərazilərimizə yeni ruh, yeni nəfəs qayıdır. Görülən quruculuq və abadlıq işlərini, öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevincini qürur və sevinc hissi ilə izləyirik”.
Bu sözləri Ədəbiyyat.az-a öz fikirlərini bölüşən deputat, siyasətçi, filologiya elmləri doktoru Elnarə Akimova deyib.
Deputatın fikrincə, Ağdamda Muğam Mərkəzinin açılması təkcə mədəniyyət hadisəsi deyil, həm də “Böyük Qayıdış”ın mənəvi mərhələsinin təcəssümüdür. Onun sözlərinə görə, mərkəzin fəaliyyətə başlaması muğam sənətinin doğma yurdu olan Qarabağa qayıdışı deməkdir. O Prezident İlham Əliyevin həyata keçirdiyi hər bir layihəni Azərbaycanın tarixi, mədəni və milli kimliyinin bərpasına yönəlmiş strateji addım kimi dəyərləndirir:
“Bu gün biz ölkə başçısının “Böyük Qayıdış” proqramı kontekstində gerçəkləşdirilən ən gözəl işlərə şahidlik edirik. Dağıdılan yurd yerlərimiz abad olur, nifrətlə viran qoyulan məkanlar sevgimizin sığalı ilə dirçəlir, əzəli əzəmətinə qayıdır. Mədəniyyət və mənəviyyat beşiyimiz olan Şuşanın və Ağdamın bu yöndə də statusunu özünə qaytarırıq. Ağdamda Muğam Mərkəzinin açılması bunun sübutudur. Bu, muğamın Qarabağa böyük qayıdışıdır. Düzdür, zəfərdən sonra ənənəvi olaraq keçirilən Xarıbülbül festivalı ilə muğam qayıtmışdı, amma məhz Ağdamda Muğam Mərkəzi açmaqla bütünlükdə muğam sənətinin özünü Qarabağa qaytardıq. Prezident İlham Əliyevin hər addımı düşünülmüş strateji addımın, milli şüura xidmətin, mənəviyyata aparan yolun açarıdır. Həm də ciddi mesaj ötürücüsüdür: biz yalnız torpağımızı abad etmirik, həm də zədələnən yaddaşımızı bərpa etməyə çalışırıq”.
Xatırladaq ki, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etmişdilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!