Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - Prezident Sərəncam İMZALADI

Görkəmli şair Fikrət Qocanın 90 illiyi qeyd ediləcək 

Ədəbiyyat qəzeti xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bildirilib ki, 2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.

Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!