Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə Özbəkistan mətbuatında Azərbaycanla bağlı “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilib.
Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalanması, Cümhuriyyətin 100 illiyinin geniş qeyd olunacağı nəzərə alınaraq birinci nominasiya - “Azərbaycan Xalq Cümhuriyyəti-100” müəyyən edilib. AMM Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elmi–tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək göstərməyi planlaşdırır.
2018-ci ildə müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin qeyd olunması nəzərə alınaraq “Heydər Əliyev: Azərbaycan-Özbəkistan dostluğu” adlı nominasiya da builki müsabiqəyə daxil edilib.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
“Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. 2008-ci ildən etibarən hər iki ildən bir dünyanın çoxsaylı dövlətlərinin təmsilçilərinin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirak etdikləri “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində əsas yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı mühüm qlobal platforma kimi özünü təsdiqlədiyi nəzərə alınaraq bu il bu tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkanıdır” adlandırılıb.
Azərbaycan-Özbəkistan dostluğunun, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətinin, əvəzolunmaz turizm imkanlarının Özbəkistanın televiziya kanallarında təbliği məqsədilə builki nominasiyaların biri də Özbəkistan telekanallarında “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” müəyyən edilib.
Azərbaycanda istehsal olunan məhsullara yeni bazarlar qazanmaq və bu məhsulların xaricdə təbliği məqsədilə “Made in Azerbaijan” brendi” adlı nominasiya da müsabiqəyə daxil edilib.
2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Bununla əlaqədar bu il çoxsaylı beynəlxalq və yerli tədbirlərin keçirilməsi nəzərə alınaraq Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan diyarı, muxtar respublikanın tarixi, iqtisadiyyatı, mədəni irsi, turizm potensialı və s. barədə “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya da elan edilib.
Bundan başqa, Azərbaycan mövzusuna daha çox müraciət edən və qardaş ölkə mətbuatında gündəmdə olan, daim dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbu orqanlar (sayt, qəzet, jurnal, televiziya kanalı), habelə ilin fəal xadimləri də AMM-in xüsusi mükafatlarına layiq görüləcəklər.
Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, tərcüməçilər də qiymətləndiriləcək və onların təltif olunması da nəzərdə tutulub.
Qeyd edək ki, təqdim olunan məqalələr arasında ən yaxşılarını seçmək məqsədilə tanınmış jurnalistlər, alimlər, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət xüsusi komissiya yaradılır və onların yekun rəyi ilə qaliblər müəyyən edilir. Müsabiqəyə dekabr ayında yekun vurulur.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!