Yazıçı-publisist Səyadulla Kərimlinin kiçik yaşlı məktəblilər üçün nəzərdə tutduğu “Balalara töhfə” adlı yeni kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin yazdığı şeirlər, hekayələr, nağıllar və tapmacalar yer alıb. Uşaqların dünyagörüşünü zənginlənşdirməyə, bədii-estetik zövqünü formalaşdırmağa xidmət edən bu əsərlər sadə və anlaşıqlı dildə qələmə alınıb.
“Balalara töhfə” şagirdlərin yaş həddinə, psixologiya və dünya görüşünə uyğun olmaqla yanaşı, milli dəyərlərimiz və dövlətçiliyimizin təbliği baxımından da xüsusi maraq doğurur. Burda balacalar zəngin məlumatlar ala, bilik və dünya görüşlərini zənginləşdirə bilərlər.
Müasir tərtibatla, yüksək poliqrafik üslub və keyfiyyətlə hazırlanan nəfis şəkilli 112 səhifədən ibarət kitabın rəyçisi filologiya elmləri doktoru Aydın Paşayev, redaktoru Tapdıq Əlibəyli, texniki redaktoru Gülistan Bağırovadır.
“Balalara töhfə” təkcə kiçik yaşlı məktəblilər üçün deyil, eyni zamanda, daha yuxarı yaş qruplarına aid uşaqlar üçün də faydalı ola bilər.
Qeyd edək ki, Səyadulla Kərimli Yardımlı rayonunun Zəngəran kəndində anadan olub. Yardımlıdakı 1 nömrəli şəhər orta məktəbi, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Azərnəşr”də redaktor, “Zəka” jurnalında məsul katib, baş redaktor, “Respublika” qəzetində və Lider TV-nin dublyaj redaksiyasında redaktor vəzifələrində çalışıb. 10-dan çox kitabın, mətbuatda dərc edilmiş üç yüzdən yuxarı oçerk, elmi-publisistik və digər yazıların müəllifidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!