İlham Əliyev milli mətbuatın 150 illiyi ilə bağlı sərəncam imzaladı

 

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.

 

Ədəbiyyat qəzeti xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək.

 

Sərəncamda qeyd edilir ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olub, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib.

 

“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynayıblar.

 

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab edib, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyub.

 

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaradıb.

 

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəflənib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib.

 

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!