Gənclər kitabxanası “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib

Bu ay XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz izlər, gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü tamam odur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı elektron məlumat bazası hazırlanıb.

 

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

 

Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Unudulmayan Mir Cəlal müəllim”, professor Nizaməddin Şəmsizadənin “Yazıçı şəxsiyyəti: səmimiyyət və cəsarət...” kimi məqalələrinin tam mətni təqdim edilir.

 

Elektron bazada görkəmli alimin türk, rus, ərəb, alman dilinə tərcümə edilən yaradıcılıq nümunələrinin, uşaqlar üçün işlədiyi kitabların, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, publisistik məqalələrinin, yazıçı haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

 

Filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!