Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO səviyyəsində qeyd ediləcək

Xalqımızın mədəni irsi təkcə maddi-mədəni abidələrlə məhdudlaşmır, həmçinin qeyri-maddi mədəni irsimizin özünəməxsus abidə və elementləri mövcuddur. Təəssüf olsun ki, Qərbi Azərbaycanda xalqımıza xas olan zəngin irs nümunələri, o cümlədən aşıq sənəti və digər qeyri-maddi mədəni irsimizin nümunələri qəsdən dağıdılıb, mənimsənilib və xalqımız bu hüquqlardan məhrum edilib. Bu səbəbdən bu irsin beynəlxalq aləmdə tanıdılması vacibdir.
 
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev bu fikirləri aprelin 22-də “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfransda söyləyib.
 
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkil etdiyi konfrans 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Gününə həsr edilib.
 
Milli Komissiyanın baş katibi diqqətə çatdırıb ki, Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı 24 element UNESCO-nun müvafiq siyahılarına daxil ediliib.
 
Seymur Fətəliyev həmçinin məlumat verib ki, Milli Komissiyanın təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə saz-söz sənətimizin qüdrətli nümayəndəsi Aşıq Ələsgərin (1821–1926) vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə tədbirlər proqramına daxil edilib. Məsələ UNESCO İcraiyyə Şurasının bu günlərdə (2-17 aprel) keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənib.
 
"Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100 illiyinin 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumlarımızla yanaşı, Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər”, - deyə o əlavə edib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!