XTNS-də “Azərbaycan” pavilyonunun Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və həkimləri birləşdirən Poeziya Klubu ilə birgə təşkil etdiyi “Poeziyanın səsi” adlı musiqili poeziya axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu unikal tədbir çətin və məsuliyyətli peşəsinə rəğmən sözün qüdrətindən ilham alan, təcrübələrini, daxili aləmini şeirlə bölüşən həkimləri bir araya gətirib.
Tədbir iştirakçıları öz əsərlərini təqdim edib, həmçinin müasir şairlərin şeirlərini oxuyublar. “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qonaqları salamlayaraq vurğulayıb ki, gecənin bu pavilyonda keçirilməsi rəmzi xarakter daşıyır, çünki poeziya Azərbaycanın zəngin mədəni ənənəsinin tərkib hissəsidir.
Onun çıxışı hər bir qonağın ruhuna müraciət kimi səslənib: “Həm həkim, həm də şair bir şeyə - şəfaya can atır. Onlardan biri vücuda, digəri isə ruha xitab edir. Biri diaqnozda, digəri şeir xəttində dəqiqliyi seçir". Səadət Qədirova Nizami Gəncəvidən sitat gətirərək, Azərbaycan ədəbiyyatının böyük irsini də xatırladıb: “İncəsənət əsrlərə bələdçilik edən bir vasitədir. O, həyatı və işığı, ölməz nəslimizi ehtiva edir”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova tədbir iştirakçılarına dəstək ifadə edərək qeyd edib ki, gənc şairlər gözəl, rahat “Azərbaycan” pavilyonuna toplaşıb yaradıcılıqlarını bölüşürlər. O əlavə edib: “Onlar peşəkar ədib deyillər, Moskvanın tibb universitetlərinin məzunları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəxri sədri olduğu RAGB-nin fəal üzvləridir. Gənc müəlliflər öz fikirlərini və hisslərini sözlə çox məharətlə çatdırırlar. Sevgidən, arzulardan, təbiətdən bəhs edən şeirlər var, amma hər bir əsər səmimi və dərin məzmunlu idi”. Heydər Əliyev Fondunun nümayəndəsi gənc müəlliflərin bundan sonra da şeir həvəskarlarını sevindirəcəyinə əminliyini bildirib: “Poeziya həyatımızda xüsusi yer tutur. Bizi dünyaya yeni prizmadan baxmağa, hisslərimizi ifadə etməyə sövq edir, gündəlik həyat qayğılarından yüksəklərə qaldırır, mənəvi cəhətdən zənginləşdirir. Əminəm ki, gənc müəlliflərimiz bundan sonra da öz şeirləri ilə bizi sevindirəcəklər”.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə qeyd edib ki, bu layihə birinci dəfə həyata keçirilmir: “Bu gün siz gənc şairlərin və qiraətçilərin gözəl layihəsinin iştirakçısı oldunuz. Analoji gecəni M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirdik. Bu gün XTNS-də yeni yaradıcılıq təşəbbüsünü təqdim edirik”. O, gecənin iştirakçılarının təkcə şairlər deyil, həm də Moskvanın aparıcı klinikalarında çalışan praktik həkimlər olduğunu vurğulayıb.
Gecədə Günel Miriyeva, Rəna Soltanova, Qurban Xalıqverdili və Kamal Əliyev öz şeirlərini təqdim ediblər. Musiqili hissəni Ayşən Əhmədova (skripka), Esmira Səmədova və Leyla Süleymanova (piano) bəzəyiblər.
Tədbirin kamera musiqisi ab-havası canlı musiqi nömrələri ilə tamamlanıb. Rəsmi hissədən sonra qonaqlar qeyri-rəsmi şəraitdə müəllif və ifaçılarla söhbətlər edib, təəssüratlarını bölüşüb, poeziya ruhuna qərq olublar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!