“Qızılgülün adı” serialının çəkilişlərinə başlanılıb

Edebiyyatqazeti.az saytı rus mətbuatına istinadla xəbər verir ki, 20 ildən sonra “Qızılgülün adı” yenidən ekrana çıxacaq.

Xeyli tarixi detal və allyuziyalarla işlənmiş çoxqatlı roman əsasında yeni serialın çəkilişlərinə başlayan çəkiliş qrupu Umberto Ekonun romanını ona layiq şəkildə ekranlaşdıracaqlarını, əsərdəkiləri tamaşaçılara olduğu kimi çatdıracaqlarını vəd ediblər. 30 milyon dollarlıq proyekt ekranlara düz 1 il sonra – 2019-cu ilin əvvəlində çıxacaq.

Əvvəldən də xəbər verildiyi kimi, əsas - rahib Baskervilli Vilhelm rolunu aktyor Con Turturro ifa edəcək. Romanın ekran variantı üçün adaptasiyasını ssenarist Naycel Uilyams, Andrea Porporati və rejissor Jakomo Battyato hazırlayıblar. 8 seriyalı mini serialın çəkilişləri Romada “Çineççita” studiyasında həyata keçirilir.

Qeyd edək ki, U.Ekonun romanları kino və serial adaptasiyasının sayına görə fərqlənmir. Çoxları, hətta Stenli Kubrik məşhur “Fuko rəqqası” əsərini ekranlara gətirməyi arzulayırdı, amma mərhum Eko buna imkan verməmişdi. Səbəb “Qızılgülün adı”nın ekran versiyasının (rejissor Jan-Jak Anno. 1986) roman müəllifi tərəfindən bəyənilməməsi idi. U.Ekonun vəfat etməsi və varislərini razılaşdırmaq daha asan olduğu üçün isə hazırda vəziyyət dəyişib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!