Şeirlər - Əsəd TƏHLƏLİ

Vaxtın varmı

Bulud könlü tez boşalıb,

Dolan mənə vaxtın varmı?

Tənhalığı içib, sərxoş

Olan mənə vaxtın varmı?

 

Hər ağrıya sinə gərib,

Can sürüyüb qərib-qərib.

Yazı, yayı üz döndərib,

Solan mənə vaxtın varmı?

 

Kimsə sevməz saçımda dən,

Quru səsəm, cılız bədən...

Çox şey aldın gedən məndən,

Qalan mənə vaxtın varmı?

 

Qaytar məni

Orda mənsiz hönkürən

Səsimə qaytar məni.

Can içində can olan

Kəsimə qaytar məni.

 

Bu kirkirə ay, ilim

Nə vaxt gülər nə bilim?

Qoy sənin olsun zilim,

Pəsimə qaytar məni.

 

Əsəd, var dərd, var yağı,

Solub ömrün yarpağı.

Bir ovucluq torpağı

Bəsimə qaytar məni.

 

Mən səni andım

Səni xatırladım yenə,-

Mən səni andım, ay zalım!

Xəyalının nənnisində

Yatdım, oyandım, ay zalım!

 

Çox mehləndim boşa, heçə,

Göstər, nəyi könül seçə?

Pünhan olan neçə-neçə

Mətləbi qandım, ay zalım!

 

Hicran kəsdirdi yanımı,

Odladı dil-imanımı.

Öz əlimlə öz canımı

Qəddədim, yondum, ay zalım!

 

Yorğun yoldu Əsəd indi,

Aparan yox həsəd indi.

Alışıbdı cəsəd indi,

Gəl qızın, yandım, ay zalım!

 

Gəlməz hey

Ulduzumdu deyə-deyə səslərəm,

Göydən yerə, yerdən göyə səslərəm.

Ürəyimi yeyə-yeyə səslərəm,

Gözlərimin qara-ağı gəlməz, hey!

 

Yuxum qaçar, xəyalına qısıllam,

Gecənin dar ağacınnan asıllam.

Öz içimnən külünglənib qazıllam,

Can öyümün yar-qonağı gəlməz, hey!

 

Dilim susar, dişlərimə dirəşər,

Başım düşüb çiynim ilə görüşər.

Qaraltıma itləri də hürüşər,

Axşamımın çil-çırağı gəlməz, hey!

 

Əsəd minər qarayığval atına,

Enib gedər yerin yeddi qatına.

Gedib dönər dağın, daşın otuna,

Vallah, daha səs-sorağı gəlməz, hey!

 

Elə darıxıram olmayan kimi

Anam və bacım Bakinazın əziz xatirəsinə

Səsim avazsızdı, sözüm şirəsiz,

Min yerdən qırılıb könlümün simi.

Ana axtarıram, bacı gəzirəm,

Elə darıxıram olmayan kimi...

 

Sinəmdə şimşək tək çaxır ürəyim,

Ağrı səyahətə çıxıb içimi.

Hər yanım bomboşdu, havam çatışmır,

Elə darıxıram olmayan kimi...

 

Özgə nəvazişi yetməz dadıma,

Həsrətin alovu qarsıb dilimi.

Laylalı günlərim düşür yadıma,

Elə darıxıram olmayan kimi...

 

Ömrün şümal vaxtı qalıb dünəndə,

Kim sevər bu qırış-qırış şəklimi?

Sizə yalvarıram, ey anam, bacım,

Gəlin sığallayın qırov kəklimi,

Elə darıxıram olmayan kimi...

 

Olmadı

Sənin saçlarına dəyən əllərim

Sənin saçlarına daraq olmadı.

Bu dəli həsrətin boy göstərməyən

Otunu biçməyə oraq olmadı.

 

Fikir xışma-xışma, söz xışma-xışma,

Kövrək xəyalımın üstündən aşma.

Necə deyim bulaq gözümə daşma,

Çox dözdü, heç səndən soraq olmadı.

 

Təhləli can verib, can ha almayıb,

Hər gülöyşə nara nöyüs salmayıb.

Könlümdə sağ-səlləm bir yer qalmayıb,

Dərdi gözə yazdım, varaq olmadı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!