"Məktəb, elm və ədəbiyyat" mövzusunda konfrans, yaxud Siyəzəndə kitab bayramı

22 fevral 2025-ci il tarixində Siyəzən Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Milli Məclisinin "Elm və təhsil" komitəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Məktəb, Elm və Ədəbiyyat" mövzusunda konfrans keçirilib. Siyəzən şəhər 2 saylı tam orta məktəbin binasında baş tutan tədbirdə əsas məqsəd elmin, ədəbiyyatın və məktəblərin qarşılıqlı əlaqələrini müzakirə etmək, məktəblilərin elmi və ədəbi biliklərə marağını artırmaq, onların inkişafına töhfə vermək olub. 

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru və Milli Məclisin deputatı Elnarə Akimova, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İskəndərov, tarix elmləri doktoru, professor Şikar Qasımov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli, elmi katibi Aygün Bağırlı,  "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları - filologiya üzrə fəlsəfə doktorları Səadət Bayramova, Gülnar Qəmbərova, Sumqayıt şəhər 35 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Vəliyeva, uşaq yazıçıları Zahid Xəlil və Nurlana İşıq, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, həmçinin məktəb direktorları, müəllimlər, mədəniyyət işçiləri, rayon yazıçıları və şagirdlər olmaqla ümumilikdə 400 nəfər iştirak edib.

Konfransın açılışında iştirakçılar əvvəlcə rəssamlıqla məşğul olan şagirdlərin əl işləri ilə tanış olublar. Göstərilən sənət əsərləri məktəblilərin yaradıcılıq qabiliyyətlərini və sənətə olan maraqlarını nümayiş etdirib. Sonra isə məktəblilər tərəfindən uşaq ədəbiyyatının tanınmış yazıçılarının əsərlərindən səhnəciklər təqdim olunub. Abbasqulu Ağa Bakıxanovun "Hikmətin fəziləti" əsərindən səhnələşdirdikləri "Şah və qoca" hekayəsi ilə tədbiri açan Siyəzən məktəbliləri ardınca Zahid Xəlilin "Güzgü" hekayəsi və "Dəmir Yumruq Dastanı" əsəri,  Yevgeni Şvartsın "İtirilmiş zaman" əsəri, Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi, Mürşüd İsmayılzadənin "Çiçəklərin söhbəti" hekayəsi əsasında hazırladıqları səhnəcikləri tamaşaçılara təqdim ediblər. Səhnəciklərdə iştirak edən məktəblilər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 

Sonra tədbirin rəsmi hissəsi başlayıb. Qonaqları salamlayan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, məktəblərdə ədəbiyyatın düzgün tədrisi gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını artırır, onların düşüncə tərzini zənginləşdirir. Eyni zamanda, elmi biliklərin aşılanması məktəblilərin dünyagörüşünü genişləndirir və onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına təkan verir. Ona görə belə tədbirləri mütəmadi keçirmək, ölkə başçısı İlham Əliyevin yeritdiyi ideologiyaya uyğun olaraq alqışlayıb dəstək olmaq hər bir vətəndaşın borcudur.

Konfransda çıxış edən akademik İsa Həbibbəyli XIX əsrin II yarısının Azərbaycan tarixinə olan təsirindən danışıb. O, bu dövrün Azərbaycan xalqı üçün çox mühüm olduğunu bildirib. Qeyd edib ki, XIX əsrin ikinci yarısı, xalqımızın həyatında maarifçilik hərəkatının başladığı, mədəniyyət və təhsilin inkişaf etməyə başladığı bir dövr idi. Bu dövr Azərbaycançılıq ideyasının formalaşdığı, milli kimliyimizin gücləndiyi və cəmiyyətin inkişafı üçün vacib addımlar atıldığı bir vaxt olub.

İsa Həbibbəyli M.F. Axundzadə və H.B. Zərdabinin bu dövrün əsas maarifçiləri olduğunu qeyd edib və onların Azərbaycan təhsilini, ədəbiyyatını və mədəniyyətini yenilədiyini vurğulayıb. Akademik həmçinin C.Əfqani, N.B.Vəzirov, Ə.Heydəri, Ə. Gorani, S.Ə.Şirvani., M.Ə.Sabir, Ə.Hüseynzadə, C.Məmmədquluzadənin məktəbin, elm və ədəbiyyatın inkişafındakı məsələlərə toxunaraq onların maarifçilik istiqamətində oynadıqları işlərə vurğu salıb. Azərbaycanın gələcək uğurlarına gedən yolun əsasını qoyan bu şəxsiyyətlərin əməklərinin hədsiz olduğunu bildirib. 

 Daha sonra Azərbaycan elminin inkişafında Ümummilli lider Heydər Əliyevin və onun ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətlərinə toxunan İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ərsəyə gətirilmiş, Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini əks etdirən kitabları və 10 cildlik nəşri nəzərdə tutulan, hazırda 7 cildi çapdan çıxmış "Azərbaycan Ədəbiyyatı Tarixi" kitabını məktəbin kitabxana fonduna hədiyyə edib. 

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Anar İskəndərov da çıxışında hər zaman aktual olan elm, məktəb, təhsilin əhəmiyyəti məsələlərinə toxunub. 

Məktəblilər üçün maraqlı anlardan biri də tanınmış uşaq yazıçıları Zahid Xəlil və Nurlana İşığın çıxışları olub. Onlar ədəbiyyatın uşaqların tərbiyəsində, dünyagörüşünün inkişafında mühüm rol oynadığını qeyd edərək, oxucular üçün yeni şeirlərini səsləndiriblər.

Millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova çıxışı zamanı baş tutan tədbirin yaranma tarixindən bəhs edib, bildirib ki, gənc nəslin  savadlı, mütaliəli, vətənpərvərlik ruhunda yetişməsi üçün belə işıqlı tədbirlərə, təşəbbüslərə çox ehtiyac var: "Regionlarda mütaliəni gücləndirmək" mənim üçün önəmli olan məsələlərdən biridir. Ötən ilin iyununda Oğuz rayonunda məktəblilərlə görüşdə onların kitaba qarşı gözlərindəki sevinci heç unuda bilmirəm. Belə bir tədbiri təkrar etməyə ehtiyac vardı. Bu barədə fikrimi Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova bildirəndə böyük maraq və ehtiramla qarşıladı. Bu, həm də Novruz müəllimin özünün yazıçı olmasından, kitaba, ədəbiyyata böyük dəyər verməsindən qaynaqlanan amil sayılmalıdır. Bu gün uşaqların repertuarında qurulan səhnəciklər, səslənən şeirlər onların bu tədbirə necə şövqlə hazırlaşdığının göstəricisidir. Bu soyuq qış günündə Siyəzən məktəbində əsl kitab bayramı yaşada, kitab rüzgarı əsdirə bildiksə, nə xoş bizə. Yaşasın kitab və savadlı, mütaliəli, inamlı gələcək!"

Daha sonra tədbirdə iştirak edən Siyəzən şəhidlərinin övladlarına - 44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədov Sadiq Mübariz oğlunun övladları Əsnad və Sadiqə, şəhid Qafarov Elnur Mirzəxan oğlunun övladları Pərviz və Gülaya xüsusi hədiyyələr təqdim edilib.

Həmçinin uşaq yazıçıları Zahid Xəlil və Nurlana İşıq, o cümlədən Sumqayıt şəhər 35 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyeva da məktəblilərə və məktəbin kitabxana fonduna qiymətli kitablar hədiyyə ediblər. Sonda konfransın hazırlanmasında və təşkilatçılığında fəal iştirak edən müəllimlər Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tərəfindən fəxri fərmanlarla təltif olunub.

Bu konfrans bütün iştirakçılar tərəfindən kitabın və ədəbiyyatın təhsildəki rolunu və gənc nəslin mədəniyyət və elm sahəsinə olan marağını daha da artırmağa yönəlmiş əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirilib.

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!