26 fevral 1992-ci il Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri – Xocalı soyqırımı kimi həkk olundu. Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətdir. 1992-ci il, 25 fevral axşam saatlarından etibarən Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalını tam mühasirəyə aldı. Dinc əhali şəhəri tərk edərək meşələrə, dağlara, Ağdama doğru qaçmağa çalışdı. Əsir götürülən, yaxud qaça bilməyən insanlar amansızcasına qətlə yetirildi.
Xocalı qətliamının dəhşətli statistikası
613 nəfər öldürüldü, onlardan:
63-ü uşaq,
106-sı qadın,
70-i yaşlı insan idi.
8 ailə tamamilə məhv edildi.
25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
487 nəfər yaralandı.
1275 nəfər əsir götürüldü.
150 nəfərin taleyi hələ də naməlumdur.
Xocalı sakinləri müxtəlif işgəncələrə məruz qaldı: İnsanlar diri-diri yandırıldı, hamilə qadınların qarınları süngü ilə deşildi,ölənlərin bəzilərinin başı kəsildi, gözləri çıxarıldı.
1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Azərbaycan xalqı bu qanlı faciəni heç zaman unutmadı. Uzun illər beynəlxalq aləmdə Xocalı həqiqətlərinin tanıdılması istiqamətində işlər aparıldı. Lakin əsl ədalət 2020-ci ilin 44 günlük Vətən müharibəsində bərpa edildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını 2024-cü ilin yanvarında yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirərək dedi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub. Qısa müddət ərzində Xocalıya 766 nəfər köçürülüb
● Onlardan 52 ailə, 204 nəfər Xocalı şəhərinə
● 112 ailə, 562 nəfər isə Ballıca kəndinə köçürülüb
Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün şəhərdə müasir standartlara uyğun evlər tikilib, infrastruktur yenilənib, məktəb, bağça, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilib. Eyni zamanda, ərazidə məşğulluğun təmin edilməsi üçün müxtəlif iqtisadi və sosial layihələr həyata keçirilir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından silinməyəcək. Biz bu faciəni unutmadıq və unutmayacağıq. Ancaq bu gün Xocalı artıq yalnız kədərin yox, həm də QƏLƏBƏNİN, ƏDALƏTİN və QAYIDIŞIN rəmzidir!
Xocalıya qayıtdıq! Xocalı bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!