TÜRKSOY-da “Bəxtiyar Vahabzadənin Anım İli”nə start verilib

Fevralın 21-də Ankaradakı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibliyinin binasında “Bəxtiyar Vahabzadənin Anım İli” proqramının açılış mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, türk ədəbiyyatının görkəmli nümayəndəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirə təşkilati dəstək Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və TRT Teleradio Şirkəti tərəfindən verilib.

Tədbirdə TÜRKSOY-un rəhbərləri, iki qardaş ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşları, diplomatlar, elmi və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim proqramı Elnarə Kərimovanın rəhbərliyi ilə TRT-nin Ankara radiosu xorunun çıxışı ilə başlayıb. B.Vahabzadənin sözlərinə bəstələnmiş “Ana torpaq” və “Azərbaycan-Türkiyə” kompozisiyaları ifa olunub.

 

Tədbir çərçivəsində görkəmli Azərbaycan şairi və dramaturqunun kitablarından ibarət sərginin açılışı olub. Azərbaycan Milli Kitabxanasının səyləri ilə yaradılmış sərgi B.Vahabzadə yaradıcılığının pərəstişkarlarında böyük maraq doğurub.

Müzakirələri açan TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf təşkilatın rəhbəri Sultan Rayevin təbrik məktubunu oxuyub.

Baş katibin müraciətində Azərbaycanın Xalq şairinin ədəbi irsinin bütün Türk dünyası üçün əhəmiyyəti vurğulanıb: “Bəxtiyar Vahabzadə Azərbaycanın Türk dünyasına bəxş etdiyi əvəzsiz irsin bir parçasıdır”.

 

 

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Komitəsinin 40-cı iclasının “Bəxtiyar Vahabzadənin Anım İli”nin keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndirilən S.Rayevin müraciətində deyilir: “Vahabzadə, şübhəsiz ki, dövrümüzün ən parlaq şairlərindən biridir. O, həyatını xalqına həsr edib”.

“Bəxtiyar Vahabzadənin Anım İli”nin ən yüksək səviyyədə təşkili məqsədi ilə Beynəlxalq Tədbirlər Planını açıqlayan Rayev əlavə edib: “O, Azərbaycanın və Türkiyənin dərdinə şərik olub, əsərlərində Vətən sevgisini, türk ölkələrinin birliyini tərənnüm edib”.

 

Sonra çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov görkəmli şairin yaradıcılığının təbliğinə verdiyi töhfəyə görə TÜRKSOY-a təşəkkürünü bildirib. “Türk dünyasının birliyi və həmrəyliyi Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm ideoloji xətti olub”, - deyən nazir müavini qeyd edib ki, azərbaycanlıların nəsilləri, o cümlədən Vahabzadənin yaradıcılığı sayəsində vətənpərvərlik ruhunda böyüyüb.

 

Nazir müavini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ədəbiyyata və incəsənətə, o cümlədən Vahabzadə yaradıcılığına verdiyi dəstəyi xatırladıb. “Heydər Əliyevin Sərəncamı ilə Xalq şairi 1997-ci ildə Azərbaycan Respublikasının ali dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif edilib”, - deyə F.Cəfərov xatırladıb.

Fərid Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncam imzalandığını və il ərzində dahi şairin yubileyinin geniş şəkildə qeyd olunacağını bildirib.

 

O, “Bəxtiyar Vahabzadənin Anım İli”nin elan olunmasını Xalq şairinin yaradıcılığına və ideallarına ehtiramın və diqqətin layiqli təzahürü kimi qiymətləndirib.

Türkiyə mədəniyyət nazirinin müavini Serdar Çam, öz növbəsində, Bəxtiyar Vahabzadənin yaşayıb-yaratdığı tarixin çətin dövrünə diqqət çəkib. “Bütün çətinliklərə və maneələrə baxmayaraq, o, vətənpərvərliyi, azadlığı, Türk dünyasına sevgini tərənnüm etməyə davam etdi və xalqının səsinə çevrildi”, -deyə Çam vurğulayıb.

Nazir müavini qeyd edib ki, Azərbaycanın Xalq şairinin əsərləri bu gün də bütün türk xalqlarının nümayəndələrinin qəlbində öz əksini tapıb. O əlavə edib: “2020-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirini oxumuşdu. Biz ürəkdən şadıq ki, bu sözlər peyğəmbərcəsinə yerinə yetirildi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqları azad etdi. Bu gün azad Şuşada xarıbülbül gülü çiçək açır”.

 

Sonra çıxış edən Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Bəxtiyar Vahabzadənin fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətini vurğulayıb və dövlətin görkəmli ziyalı nümayəndələrinin irsinin təbliğinə bundan sonra da töhfə verməyə hazır olduğunu bildirib.

 

Daha sonra türk mədəniyyətinin görkəmli şəxsiyyətinin həyat və yaradıcılığından bəhs edən film təqdim olunub.

 

Xalq şairi Sabir Rüstəmxanlı, Qafqaz Universitetinin (Qars) professoru Mihah Durmuş, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli və Ankara Universitetinin dosenti Riza Heyetin iştirakı ilə panel müzakirələri olub.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazasının təqdimatı da olub.

Türkiyə paytaxtı ali məktəblərinin tələbələri görkəmli Azərbaycan şairinin şeirlərini oxuyublar.

 

Proqrama əsasən, Ankaradakı B.Vahabzadə adına orta məktəbdə “Bəxtiyar Vahabzadə və Azərbaycan” mövzusunda rəsm sərgisinin açılışı planlaşdırılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!