Qriqore Vyerunun əlinizdə tutduğunuz "İynənin nəğməsi" seçmə şeirlər toplusu bir neçə baxımdan əlamətdardır. Bu ilk növbədə, Vyerunun şəxsiyyəti və şeiriyyətinin miqyası ilə bağlıdır. Ötən əsrin 60-cı illər ədəbi nəslinin öndərlərindən olan Qriqore Vyeru öz xalqının, öz yurdunun, öz kəndinin, anasının, atasının, uşaqların, doğma torpağın, təbiətin həqiqi aşiqi idi və həmin eşq, təmənnasız sevgi onun şair dilinin elə xalqının dili qədər, rumın doynaları - bayatıları qədər saf, duru yazmağa sövq edirdi. Təbii, elə bu dil də onu oxucularının, bu gün isə bütün xalqın sevimlisinə çevirib. Qriqore Vyeru "müharibə dövrünün uşağı" idi, uşaqlığın ən həssas dövründə, 5-10 yaşları arasında ömür-gün yoldaşını təşvişlə, həyəcanla gözləyən anasını, onun yol çəkən gözlərini, aclığı, səfaləti görmüşdü, ata yoxluğunu hiss etmiş, bütün ömrü boyu bu yoxluğu doldura bilməmişdi. Şeirlərinin əsas motivi, əsas qəhrəmanları "ana, ata və çörək" olmuşdu. Şair özü bunu ürəkağrıdan xatirələrində belə ifadə eləyirdi: "Uşaq idim, İkinci Dünya müharibəsinin son yaralısını, milyonlarla ana və uşağın dərdi üzərindən doğan qan içindəki günəşi gördüm. O mənim davadan qayıtmağını həsrətlə gözlədiyim atama oxşayırdı". Yüksək sənətkarlıq, üslub səviyyəsinə qalxmış sadə, aydın dil, bəzən miniatür rəsmləri xatırladan detallar və rəssam dəqiqliyi ilə işlənmiş həyat səhnələri, çalarlar, liriklik, yaşamaq eşqinin, sevginin, ümidin bəraət qazandırdığı kədərli xatirələr, gözlənilməz metaforalar - bütün bunlar həm sağlığında, həm də indi Qriqore Vyerunu dünyanın ən yaxşı şairləri ilə bir sıraya qoyur. Vyerunun yaradıcılığına ana dilimizdə ilk müraciəti Xalq şairi Ramiz Rövşən edib, təxminən 4-5 il qabaq, bunu o öz qeydlərində yazır, amma bu tərcümələr, yəni 8-9 şeir təxminən 15 il əvvəl dərc olunub. Sonradan Vyerunun uşaq şeirlərindən bir silsiləni də tanınmış uşaq şairimiz Qəşəm İsabəyli çevirib. Bu gün həm sadaladığım tərcümələr, həmçinin toplunun tərtibçisi və son sözün müəllifi Səlim Babullaoğlunun 70-ə yaxın yeni tərcüməsinin birgə təqdim olunması kitabın, fikrimcə, ikinci əlamətdar cəhətidir. Şeirsevərlər, oxucular böyük şairin şeirləri ilə Azərbaycan dilində ilk dəfə bu həcmdə tanış olmaq imkanı qazanıblar. Görkəmli rumın şairi, akademik İon Hadırkanın kitab üçün təqdim etdiyi ön söz yazısı, heç şübhəsiz, nəşrə əlavə dəyər qatır, məziyyət qazandırır. Nəhayət, bu kitabın nəşri Azərbaycan və Moldova ədəbi-mədəni əlaqələrinin yeni tarixinin növbəti işıqlı səhifəsidir. Şəksiz, oxucularla yanaşı, həm də ədəbiyyat tarixçiləri və ədəbiyyatşünaslar üçün də qiymətli mənbədir..."
Yazısının sonu Vüqar Novruzovun Moldovanın Azərbaycandakı səfirliyinə, Azərbaycan Yazıçılar Birliyinə, kitabın ərsəyə gəlməsində xidməti olan bütün insanlara, o cümlədən tərcüməçilərə minnətdarlığı ilə bitir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!