Qriqore Vyeru XX əsr moldav poeziyası, bütövlükdə ədəbiyyatı və mədəniyyəti üçün seçkin bir ad, tarixi simadır. Onun adı həmçinin bütün rumın ədəbi-mədəni mühitində şərəfli yer tutur. Yaradıcılığı moldav xalqının ağrı-acısını, ümid və sevincini dərindən və böyük səmimiyyətlə ifadə edən rəmzə çevrilib. Uşaqlığı II Dünya müharibəsinin faciə və itki dolu illərinə (müharibə başlayanda şairin 5 yaşı vardı) təsadüf etdiyindən, o ağır illərin yaşantıları sonradan Qriqore Vyerunun bütün yaradıcılığında iz buraxmış, onu həm şəxsiyyət kimi formalaşdırmış, həm də yaradıcı fəaliyyətinin leytmotivini müəyyənləşdirmişdi. Vyeru vətən, aclıq, xalqının iztirabları,dözümü, iradəsi və "ana və çörək"di - həyatın, yaddaşın, diriliyin rəmzləri. Onun əvəzsiz bədii üsluba çevrilən poetik dili sadə kəndlilərin nitqi qədər aydın və safdı. Vyeru öz xalqının dərin iztirablarını və yaşantılarını adi, amma güclü obrazlarla təqdim edir, hamı üçün əlçatan poeziya yaradırdı. Ötən əsrin 60-cı illəri bir çox ölkələrin, o cümlədən Moldovanın ədəbi-mühitində ciddi dəyişikliklər dövrü idi. Həmin dövrdə sənət vasitəsilə həqiqəti deməkdən çəkinməyən ədiblərin yeni, gənc
nəsli meydana çıxdı ki, Qriqore Vyeru da həmin nəslin parlaq nümayəndələrindən biri idi. Onun aydın vətəndaş mövqeyi və səmimi dili xalqın böyük sevgisini qazandı, kitabları moldav ailəsinin və qəlbinin ayrılmaz hissəsinə çevrildi. Şair əmindi ki, uşaqlar üçün yazılan şeirlər eyni zamanda sadə, dərin və aydın olmalıdı. O, özünün uşaqları yalnız əyləndirən deyil, həm də öyrədən şeirlərinə böyük zaman və enerji sərf edirdi. Vyeru yazırdı: "Böyüklər üçün şeir
yazmaq, mənə görə bürkülü havada yer şumlamaq kimi bir şeydir. Uşaq şeirləri - saf, duru yağışdır, gündəlik toz-torpaqdan təmizləyir, arındırır, məni gələcək şum üçün, əkin üçün möhkəmləndirir" Onun müdriklik, sevgi dolu isti uşaq şeirləri gələcək nəsillərin yetişməsində, uşaqların, yeniyetmələrin tərbiyəsində çox əhəmiyyətli rol oynadı. Bu şeirlər yeniyetmələrə, balaca oxuculara rumın dilinin bütün zənginliyini dadızdırmaqla, onlarda milli mədəniyyətə hörmət və marağı aşılayırdı. Vyerunun şeirlərinin hesabına ən azyaşlı oxucular, uşaqlar üçün belə rumın dili əlçatan oldu, uşaqlar öz milli köklərinə hörmət, fəxarət hissi ilə böyüdülər. Hazırkı nəşr həm zərif və dərin poeziya biliciləri, şeir həvəskarları üçün, həm də Azərbaycan və Moldova arasında çağdaş ədəbi-mədəni münasibətlər baxımından çox vacib hadisədir
Yazısının sonu səfir A.Esaulenkonun Azərbaycan Yazıçılar Birliyinə, kitabın ərsəyə gəlməsində xidməti olan bütün insanlara, o cümlədən tərcüməçilərə minnətdarlığı ilə bitir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!