Beynəlxalq Muğam Mərkəzində (BMM) ictimai xadim, yazıçı və şair, tədqiqatçı alim, filologiya üzrə doktoru Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə mərkəzin foyesində muğam tədqiqatçısı Gülhüseyn Kazımlıya həsr olunan “Muğam kimi ömür” kitabının təqdimatı keçirilib. Kitabda G.Kazımlının həyat və yaradıcılığı haqqında qələm dostlarının fikirləri, dövri mətbuatda haqqında çap olunmuş məqalələr, eləcə də öz əsərləri toplanıb. İlk dəfədir ki, onun biblioqrafiyası tərtib edilərək bu kitaba əlavə olunub. “Bakı” nəşriyyatında çap olunan kitabın tərtibçisi və naşiri texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi, məsləhətçilər Kənan Hacı və Hafiz Ataxanlı, texniki redaktorlar Validə Kazımlı və Amin Namazlıdır.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin aparıcılığı ilə keçirilən tədbirdə Gülhüseyn Kazımlının həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Xatirə gecəsində çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə bildirib ki, həyatının son dövrünü BMM ilə əməkdaşlıq edən Gülhüseyn Kazımlının xatirəsi hər zaman kollektiv tərəfindən dərin ehtiramla anılır. Qeyd edib ki, onun tanınmış muğam ifaçılarına həsr etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi kitablar muğam sənəti üçün dəyərli töhfələrdir.
Tədqiqatçı, texniki elmlər üzrə fəlsəfə doktoru, neftçi, alim Turan İbrahimov tədqiqatçı ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Gülhüseyn Kazımlı "Vətən sevgisi", "Yollarda ömür", "Mənə inan", "İnsanın dərki", "Ümid yeri", "Heydər Əliyevin yadigarları", "Şuşaya o qədər yağış yağmışdı..." kimi maraqlı kitabların müəllifidir. Şeirlərinə Azərbaycanın məşhur bəstəkarları tərəfindən 30-dan çox mahnı bəstələnib.
Gülhüseyn Kazımlı son illər Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyat və fəaliyyəti haqqında elmi-tədqiqat işləri aparırdı. Bu axtarışlar nəticəsində müəllifin muğam ifaçılığı tariximizə aid yeni kitabları - "Bülbülcan", "Qarmonun əfsanəsi", "Salam, Məşədi", "Xanəndə Məşədi Qafar Qaryağdı" nəşr edilib.
Yubiley gecəsində Xalq artistləri Teyyub Aslanov, Ənvər Sadıqov, Əməkdar artistlər Təranə Vəlizadə, Sevinc Sarıyeva, Gülüstan Əliyeva, İlkin Əhmədov, BMM-nin solistləri Nisbət Sədrayeva, Elgiz Əliyev, gənc xanəndə Murad Laçın muğamlar və yubilyarın sözlərinə yazılmış mahnıları ifa ediblər. İfaçıları tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib. Həmçinin bədii qiraətçilər Səmray Əliyeva və Hüseynağa Aslanov Gülhüseyn Kazımlının sevilən şeirlərini səsləndiriblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!