AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) transfoneliterasiya edib nəşrə hazırladığı “Əli Şövqi Gəncəli. Əsərlər” kitabı işıq üzü görüb.
medeniyyet.info.az xəbər verir ki,kitabda XIX-XX əsrlərdə yazıb-yaratmış görkəmli Azərbaycan şairi Əli Şövqi Gəncəlinin müxtəlif janrda və mövzuda yazdığı şeirləri toplanıb. Kitaba Əlyazmalar İnstitutunda mühafizə olunan əlyazma ilə yanaşı, əlyazmada olmayan, Mirzə Əbdülxalıq Yusifin arxivindən və dövri mətbuatdan 4 şeir əlavə edilib.
Yeni nəşrin redaktoru Rauf Şeyxzamanlı, rəyçiləri Xəlil Yusifli, Nailə Mustafayeva və Qutiyera Cəfərovadır. S.Hadıyeva kitaba geniş ön söz yazıb.
Qeyd edək ki, Əli Şeyx Muxtar oğlu Şeyxzamanlı (Əli Şövqi) 9 mart 1879-cu ildə Gəncədə, Nizami Gəncəvinin soyuna məxsus ailədə anadan olub. İbtidai təhsilini atasından alıb. O, gənc ikən türk, ərəb, rus və fars dillərini mükəmməl öyrənir, bundan əlavə, ədəbiyyat, tarix, təbiət kimi elmlərə maraq göstərir.
İlk şeirlərini “Şeyx” təxəllüsü ilə qələmə alan şair 1912-ci ildə bəhai təriqətini seçir. Buna görə də “Şeyx” təxəllüsündən imtina edir. O, misirli yazıçı Şövqi Əhmədin şərəfinə “Şövqi” təxəllüsünü götürür.
Erməni millətçilərinin1905, 1918 və 1920-ci illərdə ölkəmizdə törətdiyi qanlı hadisələr Əli Şövqinin yaradıcılığında geniş əksini tapıb. Şair o vaxtlar ermənilərin vəhşiliyi üzündən doğma torpağından didərgin düşən soydaşlarımızın həyatını poetik dillə təsvir edib.
Əli Şövqi “Qurtuluş”, “Dirilik” məcmuələrində Azərbaycan və fars dilində şeirləri ilə çıxış edib. Onun şeirləri sırasında “Yadigar”, “İstər isən”, “Vətənim”, “Sənin”, “Məhəbbət”, “Füzuliyə nəzirə” bədii nümunələrini qeyd etmək olar.
Əli Şövqi 1912-ci ildə Bakıda “Səda” mətbəəsində çalışıb. Ehtimal edilir ki, bu dövrdə ağır iş şəraitinə görə şair vərəm xəstəliyinə tutulub. O, 1925-ci ildə Gəncədə vəfat edib, Səbiskar qəbiristanlığında dəfn olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!