"Hər könüldə sənin izin..." Məmməd Əmin Rəsulzadənin aforizmləri - Cəlal Bəydilinin TƏQDİMATINDA

Hürriyyət şəminə aşiq olan pərvanəni heç bir zülm və istibdad çiləsi vəsli-didarə yetişmədən saxlayamaz.

***

Azadlıq, cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!

***

Hankı vicdandır ki, istiqlalını istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin?!

***

Səadət hürriyyət və istiqlaldadır.

***

Bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük nöqsanını təşkil ediyor.

***

Azərbaycan bir atəş mənbəidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər bir şöləyi-ümid və iman təşkil eləmişdir... Qoy bu atəş Azərbaycan övladının sinələrinə dolsun, milyonlarla ürəyi yaxan bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib də hürriyyət və istiqlala doğru getdigimiz maneəli yolları işıqlandırsın!

***

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz...

***

Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər ... töhmətlərə məruz qaldıq!

***

Milli Azərbaycan bayrağı - işdə bizim çöhrəmiz!

***

"...Sənin yolunun üzərində, əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır"... Azərbaycan həqiqətən də, əsrimizdəki Turan torpağının gözəl bir parçasıdır.

***

İnkişafa meyilli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı.., əlifba islahını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycandır.

***

Yolun yıldızını tanımadığımızca əli titrəməz sükançını da bulamayacağız.

***

Diriliklərin ən qiymətlisi milli dirilikdir.

***

Milli idealın (imanın) hüsülü ilədir ki, millətlər özlərinə şanlı, şərəfli bir dirilik təmin edə bilərlər.

***

Millət ölmüyor. Milli ideal, milli istiqlal fikri daima yaşıyor. Ölmüş, bitmiş millətlərin təkrar dirildigi də uzaq deyil. Yaxın tarix də ...milli ruhun ölməz olduğu ilə milli istiqlal fikrinin sönməz bir nur, müqəddəs bir atəş olduğunu göstərir.

***

Müəyyən bir məfkurəyə, o müttəhid bir ruh və müştərək bir yıldıza malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq... Parlaq bir türk mədəniyyəti ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır.

***

Əqidə, amal və məslək yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun - böyükdür. Və bu böyüklük təqlildəşayan və müstəhəqdir.

***

Qəlblər bir Allaha mütəvəcce və dilimiz müəyyən virdlər və dualarla mütəzəkkir olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz.

***

Sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək - ki, zaman bunu iqtiza ediyor - mütləqa üç əsasa sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək.

***

Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib mənəviyyatca müstəqil qalmağı tərcih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır.

***

Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili təsəvvür oluna bilməz... Mədəni millətlərdə tarix, həm də vətən və milliyyət tarixi, ən mühüm dərslərdən birini təşkil edər.

***

Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!

***

Millətlər ailələrdən təşəkkül edər. Sağlam olmayan ailələrdən təşəkkül edən millətlər sağlam millət ola bilməzlər.

***

İnsanların hürriyyəti nə qədər geniş bir dairədə olursa, bəşəriyyətin ümumi tərəqqisi də o qədər möhkəm və qüvvətli əsaslarda cərəyan ediyor.

***

Bayram millətləri ayrı-ayrı fərd olmaqdan çıxarıb bir təni-vahid kibi hiss etdirən vasitələrdən biridir. Bayram olunca diri olan millət bir adam kibi mübini-hissiyyatə malik olmalıdır. Novruz bayramı da böylə bayramlardan biridir.

***

Şadlıq və bayram günlərində fəlakət və səfalətə uğrayanlarını unudan bir millət əmin olsun ki, həqiqi bir bayram üzü görməkdən məhrum olub qalar.

***

Bir millətin el ədəbiyyatı və o ədəbiyyatın təsvir etdiyi ibtidai həyatın əsil əsasları və mətin təsirləridir ki, bizdə milli bir ruh vücuda gətiriyor.

***

Milliyyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındakı nəğmələrdə o qədər ülvi hisslər və geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər...

***

Yavru quşcığazı qəfəsə salınca haray edər, bağrı çatlar. İnsanın isə azadlıq günəşini kimsə əli tutunca eyni sonluq olar. Azadlıq günəşinizi qapdırmayın kimsələrə, azad bir quş qədər xoşbəxti yoxdur cahanda.

***

Din bir millətin əsliyyətini mühafizə edə bilər. Fəqət çox kərə də ...milliyyət fikri və amalının inkişafına səbəb oluyor.

***

Bir möminin həyatı ancaq göz yaşı ilə inciləşir.

***

Məscidə çox gedərdim... Ən çox həzz aldığım yer məscid idi...

***

Həqiqətən, dil milləti hər şeydən daha gözəl təmsil edər... Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar... Dil durduqca, millət də durar, öldümü, millət də canını bağışlar... Dil dindən daha qüvvətli bir amili-ittihad, millətlərin yeganə vəsileyi-tərəqqisidir də.

***

Hər şeydən əvvəl özümüzü öyrənməliyik. Kimiz, nə millətiz, haradan gəlmişiz? Özümüz nə, mahiyyətimiz nə olduğunu bilməliyiz. Sonra da ...anlamalıyız ki, böyük tarixə malikiz.

***

Bir güc və qüvvət tapa bilmək üçün millətlər həmişə tarixlərindən imdad istəyərlər.., keçmişin qüvvətli və parlaq çağlarını yada salmaqla istiqbal üçün bir ümid bəslərlər.

***

Vətənə ariz olan bəlaların yetirdigi xəsarətlər çoqsa, faidələri də az degildir. Bu faidələrindən böyügü iştə bu ittihad və yeganəlik hissinin doğrulmasıdır.

***

...Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüvvəsinin əzəməti ilə unudulmaz.

***

Nə qədər böyük məqsədlə də olsa, namus sərf olunmaz!

***

İnsan sevmədiyi bir şey üçün fədakar olmaz. Fədakar olmayınca müvəffəqiyyət və qələbəyə nail olmaz.

***

Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!

***

Biz müsəlmanlar bizə öyrədilən "müsəlman tərbiyəsi"nə sadiq qaldıqca dünya işlərində müvəffəq ola bilməmiz mümkün deyil. Çünki dünyanı və onun həyatını sevmiyoruz, onda bir gözəllik görmüyoruz.

***

Bir millətin əksəriyyəti dünyanın bir "cifeyi-napak"dan ibarət olduğuna qane olursa, öylə bir millətin dünya üstündə vaqe olan mübarizələrdə məğlub düşəcəkləri mühəqqəq deyilmidir?!

***

İnsan bu qədər həqiqətlərin vücudu ilə dinimizin bizə ancaq dünya düşməni şəklində öyrədilməsinə heyrət edər, heyrət!

***

Axirət fikrilə yaşayanlar, bu dünyada da diri olun.

***

Həyatı sevəlim!

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!