Anar, Xalq yazıçısı:
"Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur".
Qabil, Xalq şairi:
"Xeyrəddin yazıçıdır, gözəl miniatürlər ustasıdır. Onun balaca bir hekayəsi bir romana bərabərdir. Balaca bir qeydi bir povestə bərabərdir. Mən Xeyrəddin Qocanın qələminə hörmət bəsləyirəm".
Pənah Xəlilov, filologiya elmləri doktoru, professor:
"Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin "Marallar"ı yadıma düşdü. Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır. Onun açdığı, qoyduğu cığırı indi Xeyrəddin Qoca öz əsərlərində yaşadır".
Cabir Novruz, Xalq şairi:
"Beş il deputat olduğum Milli Məclisdə qazandıqlarımdan biri (şübhəsiz ki, mənəvi dəyərlər mənasında) X.Qoca ilə dostluğum olub. Əvvəllər mən onun adını eşitmişdim, imzasını tanıyırdım, xalqımızın böyük oğlu H.Əliyevin ağır günlərində, cəsarətlə, qorxmadan öz publisistik yazıları ilə müdafiəsinə qalxdığını bilirdim. Onu da bilirdim ki, Xeyrəddin həm də satirik, yumoristik hekayələr müəllifidir. Milli Məclisdə deputat seçildiyi ilk gündən şəxsi tanışlığımız başladı. Daha doğrusu, onunla 5 il bir sırada əyləşdik və mən onu daha yaxından tanıdım. Və gördüm ki, o, yazılarında olduğu kimi cəsarətli, dostluqda etibarlı, mehriban, səliqə-səhmanlı, sözündə düz, həssas və xalqını ürəkdən sevən bir insandır.
Sonralar satirik səpkidə yazılarını, bir sıra hekayələrini, kitablarını oxudum. Böyük məmnuniyyətlə Xeyrəddin Qocaya Yazıçılar Birliyinə üzv olması üçün zəmanət verdim. Sonralar bizim aramızda olan dostluq münasibətləri daha da möhkəmləndi. İnanıram ki, aramızda olan bu mehribanlıq, yaxınlıq daim davam edəcəkdir.
Mən Xeyrəddin Qocaya yaradıcılığında, şəxsi və ictimai fəaliyyətində uğurlar diləyirəm".
Elçin, Xalq yazıçısı:
"Xeyrəddin Qocanın bədii yaradıcılığı da, publisistik fəaliyyəti də həmişə xalqımızın istək və arzularını ifadə etmişdir. Onun satirası əyriliyə nifrət, eybəcərliklərə barışmaz yazıçı-vətəndaş münasibətini meydana çıxarır, xalqa məhəbbətini, xeyirə inamını ifadə edir".
İmamverdi Əbilov, professor:
"Məzmunlu, mənalı ömründə ədəbi-estetik fikir tariximizə əlavələr möhürləmiş yaradıcı ziyalı kimi Xeyrəddin Qocaya millət məhəbbətinin sirrini sadalamaq zərurəti yaranarsa, tərəddüdsüz sadalardım: sadəlik, təkəbbürə nifrət, ailə-övlad, ata-ana mehrinə sonsuz tələbat, klassik irsə bağlılıq, yumora lirik münasibət, sözübütövlük, cəsarət, mənəvi təmizlik.
Onun sosial-estetik idealındakı milli müəyyənlik yaradıcılıq yolunu davam etdirən nəsil üçün əsil örnək, nümunə məktəbi olmalıdır. Mən ondakı milliliklə fərdiliyin vəhdətinə heyranam. Xeyrəddin Qoca hürriyyət təşnəli ədəbiyyatımızın satirik ruhlu, yumoristik qayəli, humanist təbiətli yorulmaz nümayəndəsidir".
Zəlimxan Yaqub, Xalq şairi:
"Xeyrəddin Qoca yazıçıdır, jurnalistdir, qələm adamıdır, ədəbiyyat adamıdır, ziyalıdır. Cəlil Məmmədquluzadədən gələn, Əbdürrəhim bəy Haqverdiyevdən gələn, haradasa Yusif Vəzir Çəmənzəminlidən gələn, Sabirin ruhundan süzülən İlahi duyğular bu gün Xeyrəddin Qocanın dövrlə, zamanla bağlı nəfəsində ayrı bir ahəngdə səslənir. O, bu yazıçıların ruhunu özündə ehtiva eləyir".
Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor:
"...Yazıçının tənqid hədəfləri daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə "qazandığı" yeni qüsurlardır: sözü oldu-olmadı, qəzet çıxarıb söz demək həvəsi; partiya, cəmiyyətlər yaradıb "üzə çıxmaq" ehtirası, nazir, prezident olmaq mərəzi... Müəllif göstərir ki, həmin ictimai bəlalar, hər şeydən əvvəl, şəxsiyyəti öldürür, cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir...
Xeyrəddin Qocanın yumoristik hekayələrində Mixail Zoşşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür - Xeyrəddin Qocadır".
Hidayət, şair:
"Xeyrəddin Qoca yüksək tərifə, xoş sözlərə layiq şəxsiyyətdir, layiq ziyalıdır, layiq yazıçıdır. Xeyrəddin gözəl publisistdir, gözəl jurnalistdir, gözəl nasirdir, gözəl satirikdir. Mənə elə gəlir ki, o, həyatdan bir süjet götürür və onu olduğu kimi verir. Bəlkə də Xeyrəddin bu süjeti həyatdan götürmür. Yazdıqları yaradıcılıq təxəyyülünün məhsuludur. Lakin mən həmişə Xeyrəddinin bədii yazılarında, publisistikasında təsvir etdiyi süjetlərdə bir bütövlük görmüşəm. Mənim diqqətimi o cəlb edir ki, Xeyrəddin bir süjeti götürür, yazır və sonra da deyir ki, "Hərə öz payını götürsün".
Sabir Rüstəmxanlı, Xalq şairi:
Mən Xeyrəddin Qocanı lap çoxdan tanıyıram. Bilirəm ki, o, yazıçıdır, bilirəm ki, o, jurnalistdir, bilirəm ki, o, Azərbaycanın gələcəyini gözəl görmək istəyən adamdır, o, Azərbaycanın taleyini düşünən adamdır, Azərbaycanı bütöv görmək istəyən adamdır. Xeyrəddin nə qazanıbsa, haqqı ilə qazanıb, nə qazanıbsa, qələmi ilə, sözü ilə, zəhməti ilə qazanıb.
Xeyrəddin Qoca hansı mübarizələrdən keçib, mən bilirəm...
Biz onunla mənəviyyat məsələsində birik, Azərbaycanın taleyi məsələsində, Araz məsələsində, o tay-bu tay məsələsində birik.
O, ilk hekayələrini redaksiyada işləyəndə mənim yanıma gətirib, fikirlərimi soruşurdu. Deyirdim ki, Xeyrəddin, sən usta yazıçısan, fikirlərini, düşüncələrini gizlətməyən, qələminə hörmət edən yazıçısan...
Tehran Əlişanoğlu, tənqidçi-publisist:
"Gülüş yaratmaq, dodaqlara təbəssüm qondurmaq heç də asan sənət deyil. Xeyrəddin Qoca bunu bacarır. O, öz "marallar"ı ilə Əbdürrəhim bəy Haqverdiyev satirasının hələ bu gün də önəmini itirmədiyini bir daha təsdiq edir. Xeyrəddin Qocanın miniatürlərində "Marallarım" və "Kirpi" gələnəklərinin qəribə şəkildə uyuşduğunu görürük".
Dursun Özdən, Türkiyədə çıxan "Hürriyyət" qəzetinin müxbiri:
"Azərbaycan yazıçısının türkcəyə çevrilən son əsəri - "Bu dünyadan məktublar..." əslində eybəcərliklərin mövzusu baxımından maraqlı, kəsərli bir satira nümunəsidir.
Xeyrəddin Qoca Nəsrəddin Qoca kimidir... Türk oxucularına "Bu dünyadan məktublar..." kitabını mütləq oxumalarını məsləhət görürük. Xeyrəddin Qocanın ümid və işıq dolu böyük ürəyindən gələn sevgi və hərarət içinizdə işıq yandıracaqdır. Çevrəniz sizin üçün aydınlaşacaq və ürəkdən güləcəksiniz. Həm də mütləq düşünməyə vadar olacaqsınız..."
İrfan Ülkü, türk yazıçısı:
"Xeyrəddin Qocanın "Bu dünyadan məktubları"nı oxuyun, "biz-bizə bənzəriz" fikrinin nə qədər gerçək olduğunu görəcəksiniz..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!