“Belə demişdi Vaqif Səmədoğlu” kitabının təqdimatı olub

Yanvarın 28-i Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və çəkdiyi 78 fotonun toplandığı "Belə demişdi Vaqif Səmədoğlu..." kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu açaraq yeni nəşr haqqında ətraflı məlumat verib: "28 yanvar tarixi böyük şairimizin anım günüdür. Vaqif Səmədoğlu, mənim fikrimcə, Azərbaycan sərbəst və heca şeirini yeniləmiş böyük şairdir. Vaqif Səmədoğlu özündən sonra sərbəstdə və hecada yazan bütün yenilikçi şairlərimizin müəllimidir. Allah ona rəhmət eləsin". Vaqif Səmədoğlu Mərkəzinin fəaliyyəti haqqında danışan Səlim Babullaoğlu, Vaqif Səmədoğlunun ömür-gün yoldaşı, Mərkəzin rəhbəri Nüşabə xanımın təşəbbüskarlığını qeyd etməyi unutmayıb: "Dəyərli Nüşabə xanım onun irsini yaşadır və Vaqif müəllimin aramızda olmadığı 10 il ərzində çox böyük işlər görüb, görməkdədir. Həm Bakıda, Azərbaycanda yeni-yeni kitablar çap olunub, həm xaricdə şairin irsi təbliğ olunub, əsərləri tərcümə edilib. Müsabiqələr, poeziya gecələri keçirilib, filmlər çəkilib. Bu həm şairin bədii irsinə, həm bütövlükdə ədəbi prosesə verilən töhfədir.

 

Son kitab da Nüşabə xanım təşəbbüsü və bizim iştirakımızla ərsəyə gəlib. Mən yazıçı, iş adamı Rüstəm Dastanoğluna kitabın nəşrindəki iştirakına və köməyinə görə minnətdaram, çox sağ olsun". Daha sonra Səlim Babullaoğlu Vaqif Səmədoğlunun yubileyi münasibətilə keçirilmiş tədbirlər haqqında məlumat verib: "Bilirsiniz ki, ötən il Vaqif Səmədoğlunun yubiley ili idi və elə ötən ilin yanvar ayının 28-dən etibarən yubiley tədbirlərinə start verilmişdi. Şairin şeirlərinin qiraəti müsabiqəsi keçirilmişdi. Opera-studiyasında "Qobustan" jurnalının baş redaktoru Pərvin Nurəliyevanın aparıcılığı və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın iştirakı ilə şairin 85 illik yubileyinə həsr olunmuş maraqlı yaradıcılıq gecəsi təşkil olunmuşdu. Milli Kitabxanada şairin yubileyinə həsr olunmuş kitab sərgisi açılmışdı, Qulu Ağsəsin təşəbbüsü, rəhbərliyi ilə "Ulduz" jurnalı "Vaqif Səmədoğlu-85" poeziya müsabiqəsi keçirmişdi. Xəyal Rzanın təşəbbüsü ilə AMEA-nın bağında təşkil olunan "Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı"nda bir gün "Vaqif Səmədoğlu günü" elan olunmuşdu, Fərid Hüseynin iştirakı ilə Türkiyədə şairin "Mən burdayam, İlahi!" şeir kitabı işıq üzü görmüşdü və İstanbul Beynəlxalq Kitab Yarmarkasında kitab təqdim edilmişdi. Və ən nəhayət, kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlunun çəkdiyi "Şeir kimi yaşamaq" filmi ötən ilin dekabr ayında "Nizami" kinoteatrında təqdimatı olundu. 

 

Bu kitabın nəşri isə ötən 28 yanvardan bu yana düz 1 il ərzində keçirilən silsilənin, yubiley tədbirlərinin sonuncusudu. 

Kitab, ona müəyyən mənada kataloq da demək olar, böyük şairimizin maraqlı fikirləri, deyimləri, həmçinin müxtəlif vaxtlarda çəkdiyi fotolardan ibarətdir. Deyimlər, aforizmlər bir ayrı süjet xəttinə malikdir, fotolar bir ayrı, iki müstəqil, üst-üstə düşməyən xətt üzrə təqdim ediliblər.

Burda şairin Allah, həyat, ölüm, poeziya, musiqi, bütövlükdə sənət, qadın, intihar və b. mövzularda düşüncələri var, eyni zamanda şairin ailə üzvləri, yaxınları və dostlarının portretləri, peyzaj, şəhər təsvirləri, uşaqlar, çoxlu fərqli, belə deyək, mövzularda fotoları var.

Bu kitab şairin yaradıcılığına və şəxsiyyətinə fərqli bucaqdan baxmağa imkan verəcək.

Ruhu şad olsun!" 

 

Sonra söz Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Vəkilovaya verilib. Nüşabə xanım Vaqif Səmədoğlunun yaradıcılığına göstərilən diqqət və qayğıdan söz açıb. Yeni nəşr haqqında fikirlərini bildirən Nüşabə Vəkilova kitabın işıq üzü görməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Kitabın çapına maddi dəstək göstərmiş iş adamı, yazıçı Rüstəm Dastanoğluya minnətdarlığını bildirən Nüşabə xanım, rəhbərlik etdiyi Mərkəzin qərarı ilə Rüstəm Dastanoğlunun Vaqif Səmədoğlu medalına layiq görüldüyünü diqqətə çatdırıb. Rüstəm Dastanoğlu Vaqif Səmədoğlu yaradıcılığının böyüklüyündən, özünəməxsusluğundan söz açıb. Belə dəyərli, anlamlı mükafat üçün Vaqif Səmədoğlu Mərkəzinə minnətdarlığını bildirib. 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Vaqif Səmədoğlunun həyat və yaradıcılığından, eyni zamanda onunla bağlı unudulmaz xatirələrindən danışıb. Dost itkisinin onun üçün çox ağır olduğunu bildirən Xalq yazıçısı, sözün, poeziyanın yaşadığı müddətcə Vaqif Səmədoğlunun da yaşayacağını və heç vaxt unudulmayacağını dildirib. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Millət vəkili Fazil Mustafa, tanınmış diktor, Əməkdar artist Rafiq Həşimov, Xalq artisti Fəxrəddin Manafov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Qobustan" jurnalının baş redaktoru Pərvin, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, qiraət ustası Kamran Yunis və başqaları çıxış edərək unudulmaz Vaqif Səmədoğlu poeziyasından, "Belə demişdi Vaqif Səmədoğlu..." kitabında yer almış aforizm və fotoların dərin, fəlsəfi qatlarından söz açıblar. 

 

Qeyd edək ki, "Belə demişdi Vaqif Səmədoğlu..." kitabı Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi "Mütərcim" nəşriyyatında çap edilib. Kitabda Xalq şairinin aforizmləri üç dildə - Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus (tərcümə: Nicat Məmmədov) dillərində təqdim olunub. 

Kitabın tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, şairin həyat yoldaşı, yazıçı-publisist Nüşabə Babayeva-Vəkilova, dizayneri Cavid Kişiyev, nəşriyyat direktoru prof. Telman Vəlixanlı, fotolar üzrə məsləhətçi Rauf Umudov, korrektoru Məlahət Qənbərovadır. 

Kitab yazıçı və iş adamı Rüstəm Dastanoğlunun dəstəyi ilə çap olunub.

Kitabın redaktoru və naşiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur.

 

 

 

 

 

 

 

 

AYB.az

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!