Gənclər Kitabxanasında şair Adil Babayevin xatirəsi anılıb

Bu gün şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri Adil Babayevin 100 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin çoxşaxəli bədii fəaliyyətindən, xalq yaradıcılığı və Azərbaycan folkloruna arxalanan poeziya aləmindən bəhs edən “Adil Babayev-100” adlı biblioqrafik icmal hazırlanıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.

 

Hazırlanan materialda şair, dramaturq Adil Babayevə həsr edilmiş “Şair üçün nə qocalıq, nə ölüm var!”, “Xalq düşməninin” şair oğlu”, “Qəlbi torpaqla səsləşən şair” adlı məqalələrin tam mətni, şairin keşməkeşli həyat yolundan və yaradıcılığından bəhs edən “Ata olsam belə, ata istərəm..." filmi və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası haqqında məlumatlar təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda Adil Babayevin müəllifi olduğu və onun haqqında qələmə alınan “Yaşamağı bacarmıram”, “Fəsillər dəyişəndə”, “Anamın bayramı”, “Ata sorağında”, “Təzədən doğulur şair ölən gün”, “Mənim abidəm” kimi 20-dən çox kitabın, not əsərlərinin, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri sərgilənir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!