Cənnət Səlimovanın 85 illik yubileyi keçirildi

Yanvarın 25-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük rejissor, görkəmli sənətkar, Xalq artisti Cənnət Səlimovanın 85 illik yubileyi keçirilib.

Ədəbiyyat qəzeti xəbər verir ki, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək sənətkarı yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.

Gecədə professor, Əməkdar İncəsənət Xadimi Məryəm Əlizadə yubiliyarın teatr xidmətlərindən, pedaqoji fəaliyyətindən ətraflı söz açıb. Bildirib ki, Azərbaycan teatr sənətinin ən parlaq nümayəndəsi kimi Cənnət Səlimova quruluş verdiyi tamaşalarda özünəməxsusluğu və qüdrəti ilə seçilib. Onun səhnə əsərləri həm ölkəmizdə, həm də xaricdə böyük uğurlar qazanıb.

Daha sonra Cənnət Səlimova Teatr Xadimlər İttifaqı tərəfindən “Teatr xadimi” qızıl medalı ilə təltif olunub, sənətkarın həyat və yaradıcılığını əks etdirən mərhum rejissor Aydın Dadaşovun ekranlaşdırdığı “Çağırış” adlı sənədli film, “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş olunub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!