Xalq şairi Zəlimxan Yaqubun 75 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış dövlət və ictimai-siyasi xadimlər, elm və sənət adamları, şairin çoxsaylı oxucuları, doğmaları və yaxınları iştirak ediblər.
Anım mərasimində çıxış edən Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu böyük söz ustadının həyat və yaradıcılığı haqqında geniş məlumat verib, son illərdə nəşr olunan kitablarından danışıb. O qeyd edib ki, cari ilin ilk günlərində daha iki kitab çap edilib. “Məqalələr. Müsahibələr” adlı kitabda şairin ömrünün son illərində yazdığı məqalələri və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, “Zəlimxan özü var xatirələrdə” adlı kitabda isə onun haqqında son illərdə yazılmış məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, görkəmli dövlət xadimi Həsən Həsənov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, professor Vidadi Orucov, Əməkdar jurnalist İsmayıl Ömərov, şairlər Qılman İman, Sabir Sadaxlı, Təbriz İman, Binəli Bayram, Sənan Hüseynov və digərləri şairlə bağlı xatirələrini bölüşüblər.
Aşıqlar Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və Ramin Qarayev müxtəlif saz havaları üstündə şairin şeirlərini səsləndiriblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!