"Söğüt" dərgisində Kamal Abdulla bölümü - Bəxtiyar Aslan

Türkiyənin önəmli ədəbiyyat dərgilərindən biri olan "Söğüt"də Azərbaycanın böyük alimi və yazarı, akademik Kamal Abdulla ilə bağlı bir yazı hazırlandı. Dərgi Kamal Abdullanın əsərlərinin də yayınlandığı "Ötükən" nəşriyyatında yayınlanır. Əsasən, "Söğüt" həm gənc, həm də qocaman bir dərgidir. Çünki "Söğüt" illər öncə, "Ötükən" nəşriyyatının qurulduğu illərdə bir müddət yayınlanmış, sonra bağlanmış, aradan uzun illər keçdikdən sonra eyni adla, eyni yayın evində yeni nəsil tərəfindən yayınlanmağa başlamışdır. Dərgi iki aydan bir çap olunur və hər sayında bir şəxs, ya da mövzu haqqında yazı hazırlamaqdadır.

Kamal Abdulla ilə bağlı bölüm olduqca genişhəcmlidir. Dərginin baş redaktoru Sinan Terzi dərginin giriş bölümündə yazıya geniş yer ayırmışdır. Dədə Qorqud çalışmalarının önəmini vurğulayan və böyük yazara nə üçün belə bir bölüm hazırlandığını izah edən Sinan Terzi yazının bir yerində bunları söyləyir:

 
 

"Bu sayımızda "Söğüt"ün üz qapağında belə bir əmək sahibinin, Dədə Qorqudun başa düşülməsi naminə illərini fəda edən  Kamal Abdullanın adı var. İnanıram ki, bu gün "Dədə Qorqud" araşdırmalarına verdiyi töhfələrlə, qeyri-adi şərhləri və təhlilləri ilə bu sahədə yazan, hamının böyük hörmət və sevgisini qazanan Kamal Abdulla tuta biləcəyimiz möhkəm əllərin sahibidir. Bu günün mühakimələri ilə keçmiş haqqında hökm vermək yerinə, bu günün şüuru ilə keçmişin tərəzisinə güzgü tutub düz oxunuşla bayağılaşan, dərinliklərinə enilə bilinməyən mətnləri yeni şərhlərlə türk millətinin və insanların istifadəsinə vermək çox böyük işdir. Özünə minnətdarlığımızı bildirməyə borcluyuq. 

Bölümün lap əvvəlində böyük yazıçımızla apardığı geniş və uzun bir reportaj yer alır. Dərgi səhifəsi ilə 12 səhifə tutan bu geniş mənalı reportajda Kamal Abdullanın anadan olması, uşaqlığı, gəncliyi, sənət və ədəbiyyata yönəlməsi, akademik fəaliyyəti haqqında məlumat verilir. Kamal Abdullaya verilən suallar məlumdur ki, türk oxucusunun gözündə insan və yazıçı olaraq bir Kamal Abdulla fotosu yaratmaq istəyir. Reportaj Kamal Abdullanın sənət və akademik həyatının (bəlkə buna taleyinin demək də mümkündür) bir şəkildə "Dədə Qorqud" ilə kəsişdiyini göstərir. Uzun illərdir, "Dədə Qorqud" haqqında çalışan yazıçımız, bəllidir ki, dastan haqqında düşünməyə, yeni suallar verməyə və bu sualların cavabını axtarmağa davam etməkdədir. Reportajdan Kamal Abdullanın ailəsini, akademik mühitini, qohumlarının onun həyatına təsirini, akademik həyata yönəlməsini, yetişməsində zəhməti olan böyük şəxsiyyətləri, dostluqlarını öyrənmək mümkündür. 

 
 

Bu reportajı nisbətən qısa iki reportaj izləyir. Bunlardan, birincisi, qeyri-səlis məntiq mövzusunda birlikdə işlədiyi (Qeyri-səlis məntiq və Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq və dil-nitq) Rafiq Əliyevdir. Reportajın suallarına baxanda məlum olur ki, daha çox Kamal Abdullanın bəşəri yönü ortaya qoyulmaq istənilir. Bu səbəblə də ilk sualı insan olaraq Kamal Abdullanı öyrənməyi qarşısına məqsəd qoyur. Rafiq Əliyev bu ilk suala böyük yazıçının əhəmiyyətli xüsusiyyətlərindən birinin sədaqət olduğunu söyləyərək cavab verir. Əliyevə görə, qıraqdan baxanda bir az soyuq (bəlkə də, ciddi demək də mümkündür) görünən Kamal bəyin əslində daxilində bir uşaq yaşamaqdadır. Əslində, sənət də bir baxıma həmişə bu uşaqdan bəslənir. Bəlkə də, ədəbiyyatın bir oyun olduğunu, daxilimizdəki oyun ehtiyacından qaynaqlandığını düşünmək mümkündür. Əliyev ardınca bu böyük alimin həmişə ağılla hərəkət etdiyini, qışqırma, hirs kimi xüsusiyyətlərin onda çox olmadığını sayır.

Azərbaycanın böyük şairi Ramiz Rövşən isə məktəb illərində başlayan dostluqlarından, necə tanış olduqlarından, dostluqlarının necə inkişaf etdiyindən və bu günə qədər necə davam etdiyindən danışır. Ramiz Rövşənə görə, Kamal Abdullanın əsərlərində həyatın, reallığın harda qurtardığını, oyunun, ya da fantaziyanın harada başladığını anlamaq mümkün deyildir.

Rövşən daha sonra Kamal Abdullanın Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etməyə çalışır və belə deyir: 

 
 
 
 

Kamal bir çox mövzuda qaydaları yıxan adamdır. Bilirsiniz ki, ədəbiyyata şeirlə başlayıb, sonradan elmə yönələn bir çox adam var. Elmdə özünü tam şəkildə təsdiq etdikdən sonra ədəbiyyata keçən və ədəbiyyatda da özünü təsdiq edən insan çox nadirdir. Həm ədəbiyyatda, həm də elmdə müvəffəqiyyət əldə etmək, doğrudan da, çox çətindir. Umberto Ekonu demirəm. Ancaq bunu ifadə edim ki, ən azı 2000-ci illər Azərbaycan ədəbiyyatını Kamal olmadan düşünə bilmək mümkün deyildir. Bu dövr Azərbaycan ədəbiyyatının ən ciddi hadisələrindən biri Kamaldır. Yəni Kamal olmasa, 2000-ci illər Azərbaycan ədəbiyyatında çox böyük boşluq yaranardı. Kamalın romanları, hekayələri, povestləri bu şəkli tamamlayır.

Bu reportajları Türkiyədə xalq ədəbiyyatı sahəsində önəmli işlər görən və Kamal Abdulla haqqında diqqətəlayiq məqalələr qələmə alan, böyük alimin bəzi əsərlərini Türkiyə türkcəsinə çevirən Ali Duymazın "Qorqudşünas Kamal Abdulla" adlı yazısı izləyir. Duymaz yazısında Kamal Abdullanın "Dədə Qorqud" üzərində apardığı çalışmalardan danışır və diqqətçəkən müsahibələrdən bəzilərini qiymətləndirir. Digər yandan, bilindiyi kimi, Kamal Abdulla "Dədə Qorqud" mətnlərini sənət əsərlərinə də daşımış, məsələn, "Yarımçıq əlyazma" əsərində, "Laokoon"da mətni iki romanın da mərkəzinə yerləşdirmişdir. Ali Duymaz yazarın bu davranışını belə qiymətləndirir:

Bu kontekstdə Kamal Abdulla "Dədə Qorqud"un restavrasiyasından danışan, onu müasir bir mətn olaraq görməyə maraqlı düşüncəsiylə özünəməxsus bir yol açmışdır. Bəlkə də, bu tərzini daha yaxşı ifadə etmək və geniş kütlələrə çatdırmaq üçün özündə postmodern xüsusiyyətlər ehtiva edən bir roman qələməalma ehtiyacı hiss etmişdir. Bu roman "Dədə Qorqud" kitabının yarımçıq bir əlyazmasının tapıldığı fantaziyasından hərəkət edərək, mətnin müxtəlif şərh və yeniləmələrlə tamamlanmasının vacibliyini düşündürən bir əsərdir.

 

Azərbaycanın gənc elm adamı və yazıçılarından biri olan Nərgiz İsmayılova isə bölümə Kamal Abdullanın "Üç Ölçülü Labirint" adlı yazıyla töhfə verir. İsmayılova yazısında Kamal Abdullanın dünya və Azərbaycan ədəbiyyatındakı yerini, əsərlərindəki milli ünsürləri, əsərlərin postmodern tərəflərini qısaca izah edir. İsmayılova "Kamal Abdulla və Postmodernizm" adlı bir əsər nəşr etdirmişdir. Yazıdan da anlaşıldığı kimi, İsmayılova ciddi bir akademik biliyə sahibdir. Bu bilik onun mətnlərə çox sual verməsinə, yəni bir mənada çox fərqli yönlərdən yaxınlaşmasına səbəb olur. Mətni yaxşı başa düşmək, şərh etmək də o mətnə çox sual verməklə əlaqədar bir şeydir. Buna görə də bu qısa yazıda İsmayılova Kamal Abdullanın sənətinə dair yazılması, araşdırılması lazım olan bir çox mövzuya dəyir.

 

Rəşad Məcid isə, "Öz içində gizlənən adam" başlıqlı yazıyla bölümdə yer alır. Bir xatirə mətni kimi olan yazı 1990-cı illərdə başlayan dostluğun indiyə qədər necə davam etdiyini anladır. Ancaq Məcid sətir aralarında bizə Kamal Abdullanın psixoloji portretini də çəkir. "Öz içində gizlənən adam" sözü onsuz da, Rəşad Məcidin görünməyən Kamal Abdullanı aşkara çıxarma səyinə işarə vurur. Rəşad Məcidin bu, şeirəbənzər yazısında böyük yazıçının əsərləri ilə əlaqədar mükəmməl aşkarlıqlar da yer alır.

 
 

Azərbaycanın böyük folklor alimi Muxtar İmanov isə "Romanda mif modeli: Saxta qəhrəman" adlı yazısıyla bölümə töhfə verir. Yazıda "Yarımçıq əlyazma" adlı romanda postmodern ünsürlərin necə istifadə edildiyi və Kamal Abdullanın bu əsərdə alışılmışın xaricinə necə çıxdığı izah edilir. İmanov yazıçıya yönəldilən mənfi tənqidlərin gerisində yerləşmiş düşüncənin xaricinə çıxılmasının yetdiyini irəli sürür.

Bölümün son yazısı Türkiyədə Kamal Abdulla haqqında bir doktorluq dissertasiyası qələmə alan alim Fatih Keskinə aiddir: "Sirlər və sərhədlər kənarının yolçusu: Kamal Abdulla". Keskin doktorluq dissertasiyası səbəbilə də Türkiyədə böyük yazıçı haqqında söz söyləmək səlahiyyətinə malik olan bir neçə şəxsdən biridir. Keskin olduqca uzun olan yazısında Kamal Abdullanı və sənətini bir çox yöndən təhlil edir və qiymətləndirir.

"Ötükən" nəşriyyatında çap olunan "Söğüt" dərgisi 30-cu sayında Kamal Abdulla üçün altmış səhifəyə yaxın bir bölüm hazırladı. Məncə, son dərəcə önəmli bir bölümdür. Ancaq məlumdur ki, yazıçı və əsərləri haqqında yazılacaq çox şey var. Bu yazılarda da vurğulanan, hər biri bir məqalə ola biləcək çox məsələ var.

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!