Azərbaycan yazıçıları Qazaxıstan Yazıçılar İttifaqının 90 illik yubiley təntənəsində - FOTOLAR

Dekabrın 13-də Almatıda Qazaxıstan Yazıçılar İttifaqının 90 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirilib. Mərasimdə qazax şair və yazıçıları ilə yanaşı, TÜRKSOY beynəlxalq təşkilatı, Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndə heyətləri iştirak edib. Ölkəmizi yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar və sözügedən qurumun sədr müavini Rəşad Məcid təmsil edib.

Mərasimdə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin yubiley iştirakçılarına ünvanladığı təbrik məktubu Dövlət müşaviri Erlan Karin tərəfindən oxunub: "Hal-hazırda millətimiz keyfiyyət baxımından yenidən formalaşır. Ağıllı və mütərəqqi nəsil yetişdirməkdə ziyalılar xüsusi rol oynamalıdır. Bu məsuliyyəti dərindən hiss edərək insanlıq dəyərlərini geniş şəkildə tərənnüm edən bütün yazıçılara səmimi təşəkkürümü bildirirəm. Xalqımızın ruhunu yüksəldən, dünyagörüşünü genişləndirən əsərlərimiz çox olsun. Sizlərə uğurlar arzulayıram".

Tədbirdə vurğulanıb ki, Qazaxıstan Yazıçılar İttifaqının tarixi 1934-cü il iyunun 12-18-də keçirilmiş Qazaxıstan Yazıçılarının I Qurultayından başlayır. Onun qurucuları arasında Saken Seyfullin, İlyas Jansuqurov kimi qazax ədəbiyyatının klassikləri yer alır. O vaxtdan bəri yazıçılar, dramaturqlar, tərcüməçilər və digər ziyalılar qazax xalqının ədəbiyyatının və mədəniyyətinin inkişafına böyük töhfələr veriblər. Hal-hazırda bu qurum ölkənin ən böyük yaradıcı birliyinə çevrilib və onun üzvlərinin sayı min nəfərdən çoxdur. Qurumun himayəsi ilə "Kazak gdebietі" qəzeti, "Juldız", "Prostor" və "Jalın" jurnalları nəşr olunur.

Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Külkenov çıxışında son üç ildə dövlət tərəfindən kitab nəşrinə xüsusi diqqət ayrıldığını qeyd edib: "Bu il Mədəniyyət və İnformasiya Nazirliyi ilə strateji tərəfdaşlıq çərçivəsində 3 layihə həyata keçirilib. Bu layihələr üzrə 36 kitab işıq üzü görüb. Tədbir boyu 2024-cü ildə dövlət sifarişi ilə nəşr olunan kitabların sərgisi təşkil edilib. Bu il işıq üzü görən 170 yeni kitab arasında MDB ölkələrinin arxivlərindəki qazax yazıçılarının araşdırma əsərləri də yer alıb. Gələcəkdə kitab oxuma mədəniyyətini formalaşdırmaq üçün məktəblərdə yazıçılıq dərsinin keçirilməsi nəzərdə tutulur. Ədəbi tənqid sahəsini inkişaf etdirmək də əsas diqqət mərkəzində olacaq".

Yubiley mərasimində çıxış edən Azərbaycanın Xalq yazıçısı Anar qazax ədəbiyyatçılarını, istedadlı yazıçı və şairləri öz sıralarında birləşdirən bu ədəbiyyat ocağının bütövlükdə XX əsr qazax mədəniyyətində, xüsusən, ədəbiyyatındakı misilsiz rolunu qeyd edib: "Məhz Qazaxıstan ədiblərinin və Qazaxıstan Yazıçılar İttifaqının fəaliyyəti nəticəsində dərin köklərə, tarixə malik qazax xalqının dili qorunub saxlanılıb və inkişaf edib".

AYB sədri Xəzər dənizi vasitəsilə qonşu olan Azərbaycan və Qazaxıstan xalqlarının qardaşlığı haqqında da söz açıb: "Biz, böyük türk ailəsinin qardaş xalqlarıyıq, burada böyük və kiçik qardaş anlayışı yoxdur; bütün türk xalqları, o cümlədən də, Azərbaycan və qazax xalqları həmyaşıd, əkiz qardaşlardır. Bizi din, dil, tarix və mədəniyyətimizlə yanaşı, həm də xalqlarımızın yaşadığı ortaq faciələr birləşdirir. Biz indi həm Qazaxıstanda, həm də Azərbaycanda Yazıçılar Birliyinin 90 illik yubileyini qeyd edirik. Unutmamalıyıq ki, Yazıçılar Birliyinin yaradılmasından üç il sonra Azərbaycanda repressiya nəticəsində Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi onlarla görkəmli ədibimizi itirmişik. Azərbaycan Yazıçılar Birliyində 1937-ci ildə həlak olmuş 30 yazıçı və şairin xatirəsinə həsr olunmuş barelyef var. Repressiya zamanı Saken Seyfullin, Beimbet Mailin, Ahmed Baytursın kimi Azərbaycanda da tanınan böyük qazax yazıçıları da repressiyaya məruz qalıblar. Saken Seyfullin Azərbaycan yazıçısı Nəriman Nərimanovla məktublaşaraq fikirlərini bölüşürdü. Ahmed Baytursınov Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edərkən, türk dillərinin vahid və sadələşdirilmiş bir yazı sisteminə keçməsinin vacibliyini vurğulamışdı. Repressiya dövründə Azərbaycan yazıçılarının ailələri, həyat yoldaşları Qazaxıstanın müxtəlif bölgələrinə sürgün edilib və onların məzarları hələ də bu qardaş torpaqlardadır. Bu onu göstərir ki, bizi yalnız sevinc və qələbələr deyil, həm də faciəvi tariximiz birləşdirir. Lakin biz güclü xalqlar olaraq bunları yaşadıq və öhdəsindən gəldik. Həm Qazaxıstan, həm də Azərbaycan yazıçıları doğma dildə yazaraq öz dillərinin saflığını və təmizliyini gələcək nəsillər üçün qoruyub saxladılar".

Anar ümumtürk mədəniyyətinin bundan sonra da qorunması və inkişafı naminə qazax həmkarlarına həm öz adından, həm də Azərbaycan Yazıçılar Birliyi adından fəaliyyətlərində uğurlar arzulayıb. Xalq yazıçısının təsirli nitqi yubiley iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

"Məhz qazax yazıçılarının, Qazaxıstan Yazıçılar İttifaqının müstəsna rolu və yorulmaz fəaliyyəti sayəsində dərin köklərə və tarixə malik qazax dili qorunub saxlanılıb, qazax milli kimliyi yeni onilliklərə, yeni minilliyə uğurla qədəm qoyub". Mərasimdə bu fikirlərlə AYB-nin sədr müavini Rəşad Məcid çıxış edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamının yaratdığı imkan sayəsində görkəmli qazax yazıçıları - Abay Kunanbayev, Muxtar Auezov, Cambul Cabayev, Oljas Süleymenov, Muxtar Şaxanov və digər qazax şair və yazıçılarının əsərləri latın qrafikası ilə nəşr edilərək müstəqil Azərbaycanda formalaşmış yeni oxucu nəslinə təqdim edilib.

Rəşad Məcid ölkələrimiz arasında qarşılıqlı olaraq həyata keçirilən mədəni yeniliklərdən də söz açıb: "Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzi açılıb. Bakı Dövlət Universitetində Abay adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb. İyirminci əsrin 70-ci illərindən başlayaraq Abayın əsərləri görkəmli Azərbaycan yazıçılarının tərcümələrində nəşr olunur. Onlarla azərbaycanlı müəllifin əsərləri müntəzəm olaraq qazax dilinə tərcümə edilərək işıq üzü görüb. Sevindirici haldır ki, Qazaxıstanda nəşr olunan "Tan-Şolpan" jurnalı bu ili "Azərbaycan ədəbiyyatı ili" elan edərək, öz saylarını Azərbaycan ədəbiyyatına həsr edib, 60-dan çox azərbaycanlı müəllifin əsərləri qazax dilinə tərcümə edilib. "Tan-Şolpan" jurnalının kollektivinə və bütün tərcüməçilərə dərin təşəkkürümü bildirirəm. Xalqlarımızın ümumi milli və dini mənşəyi, ölkələrimizin qardaşlığı, dövlət başçılarının dostluğu, yazıçılarımız arasında möhkəm əlaqələr, Azərbaycan Yazıçılar Birliyi ilə Qazaxıstan Yazıçılar İttifaqı arasında sıx əlaqələr bundan sonra da gələcəyə inamla nəzər salmağa əsas verir".

Yubiley çərçivəsində Xalq yazıçısı Anara beynəlxalq "Alaş" ədəbiyyat mükafatı təqdim edilib. Qeyd edək ki, bu mükafat XX əsrin əvvəllərində Qazaxıstanda milli özünüdərk və mədəniyyəti canlandırmaq üçün yaranmış "Alaş" hərəkatının ideyalarına və ənənələrinə uyğun olaraq, qazax ədəbiyyatına böyük töhfələr vermiş yazıçı və şairlərə təqdim edilən nüfuzlu beynəlxalq mükafatdır.

Yubiley münasibətilə Rəşad Məcidə "Qazaxıstanın hörmətli yazıçısı" fəxri adı verilib və ona eyniadlı medal təqdim olunub. Xatırladaq ki, bu fəxri ad Qazaxıstanın ədəbiyyatına və mədəniyyətinə böyük xidmət göstərmiş yazıçılara verilən yüksək ədəbi təltifdir.

 

S.MÜRVƏTQIZI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!