"Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabı haqda - Vaqif Şadlinski

Vaqif Şadlinski

Əməkdar elm xadimi, Tibb Elmləri doktoru,

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor

Bu günlərdə istedadlı tədqiqatçı və ictimai xadim Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan "Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabı işıq üzü görübdür. Bildiyiniz kimi, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılmışdır. Bu institutun yaradılmasında Əziz Əliyev böyük rol oynamışdır. 1932-ci ildə o, həmin institutun direktoru işləmişdir.

Bu təyinatdan az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanmışdır. Ə.Əliyev azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirmiş, həmin dönəmlərdə ana dilində dərsliklər və dərs vəsaitləri, monoqrafiyalar və tövsiyələr yazılmasına nail olmuşdur.

Onun təşəbbüsü ilə işıq üzü görən əsərlərdən özünün "Klinik analizlər" kitabı, K.Ə.Balakişiyevin "İnsanın normal anatomiyası", Məmmədtağı Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Pataloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəyovanın "Göz xəstəlikləri", Ə.Talışınskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M.A.Mirqasımovun, M.A.Topçubaşovun, M.M.Mirsəlimovun, M.A.Əfəndiyevin, Z.M.Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir.

Ə.Əliyev həm də qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablarından ən vaciblərinin Azərbaycan dilinə tərcümə edilməsinə nail olmuşdur. Onun təşəbbüsü ilə İ.Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A.Qaltiçinin "Uşaq xəstəlikləri", V.Skvortsovun "Farmakologiya kursu", E.Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri də Azərbaycan dilinə tərcümə edilmişdir. Ümumiyyətlə, 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunmuşdur ki, bunların da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi 5 il ərzindəki yaradıcı və məhsuldar dövrdə baş vermişdir. 1937-ci ildə isə Əziz Əliyevin "Eksperimental nefrit" elmi işi SSRİ Elmlər Akademiyası və Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin mükafatına layiq görülmüşdür. O, 1937-ci ilin 1 yanvarından 1937-ci ilin 26 iyununa qədər Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir. Naxçıvan MSSR-in Culfa dairəsindən SSRİ Ali Sovetinin deputatı (dekabr 1937) və birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 21 iyul 1938-ci il tarixindən 17 may 1940-cı ilə qədər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləmişdir. 9 sentyabr 1939-cu il tarixindən 1941-ci ilin martınadək Azərbaycan Respublikasının Xalq Səhiyyə Komissarı vəzifəsində çalışan Əziz Əliyev 1941-ci ilin aprelindən 1942-ci ilin sentyabrına qədər Azərbaycan KP MK-nın üçüncü katibi vəzifəsində işləmişdir.

Ümumiyyətlə, keçən əsrin 40-cı illəri elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə, siyasi cəhətdən yetkin azərbaycanlı gənclərə daha çox üstünlük verilirdi. Məhz o illərdə də, Böyük Azərbaycan layihəsinin əsası qoyulurdu və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrup İrana gedir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Adıgözəl Məmmədovun kitabından öyrənirik ki, Əziz Əliyev sovet ordusunun hissələrinin yerləşdiyi bütün şəhərlərdə və yaxın kəndlərdə əhali arasında geniş təbliğat işlərinə başlayır. O, Bakıya göndərdiyi digər məlumatında bildirir:

- "Yayılan təbliğat vərəqələrinin əhaliyə güclü təsiri var. Bizə bir çox yerlərdə kəndlilər açıq şəkildə deyirdilər: "Əgər siz getmək istəsəniz belə, biz Ordunun İran Azərbaycanını tərk etməsinə icazə verməyəcəyik". Artıq Azərbaycanın bütün bölgələrində əhali İranın dövlət orqanlarının törətdiyi qanunsuzluqlardan bizə şikayət etməyə başlayıblar. Biz onları hər cür qoruyuruq. Əhali tərəfindən hərarətlə qarşılanan "Vətən uğrunda" qəzetinin artıq iki nömrəsini Azərbaycan dilində nəşr etmişik. Urmiya və Pəhləvidə Azərbaycan dilində qəzetin nəşrinə böyük ehtiyac var. Təbrizdə 15 il ərzində Azərbaycan dilində bir dənə də olsun elm, texnika, poeziya və ədəbiyyat sahəsində yazıçı və şairlərin yaradıcılığının inkişafı üçün şərait yaradılmayıb, hamısı şah rejimi tərəfindən təqib olunublar. Zeynal Gənci, Turxan Gənci, Nadir Fitrət, Ruhi, Sadiq Naxçıvan, Qeybullah Cavid və başqaları kimi Təbriz şair və yazıçıları heç bir əsərini çap etdirə bilmirdilər. Məktəblərdə bir qayda olaraq, rəhbər vəzifələr farslarla zəbt edilibdir. Professor-müəllim heyətinin əsas hissəsi mövcud nizam-intizamın əleyhinə çıxıb, xalq təhsili sistemində köklü dəyişiklik, məktəblərdə dərslərin Azərbaycan dilində keçirilməsini, farslara görə imtiyazların aradan qaldırılması tələblərini irəli sürür. Şəhərlər və kəndlər son dərəcə antisanitar vəziyyətdədir. Hazırda həkim qrupları rayonlar üzrə sanitar xəritələrin tərtib edilməsi üzərində işləyirlər. Oktyabrın 6-da professor Fəxrinin rəhbərliyi ilə Təbriz şəhərinin yerli həkimləri ilə qarnizonun hərbi həkimləri arasında görüş keçirildi. Qadınlar arasında işləmək üçün mama və qadın həkimlərdən ibarət orta səviyyəli tibb kadrlarına təcili ehtiyac var. İqtisadi cəhətdən də bizə qarşı təxribatlar intensivləşmişdir. Təbriz vilayətinin valisi özü təxribatçıların himayədarıdır. Bir çox sənaye müəssisələrinin işləmədiyini, iri tacirlərin bir hissəsinin Tehrana və ingilislərin işğal etdiyi ərazilərə getdiyini bilən qubernator bizim tələblərimizə baxmayaraq, son vaxtlara qədər iqtisadi həyatı normallaşdırmaq üçün heç bir tədbir görmürdü və hər dəfə bundan çəkinirdi. Yalnız bu yaxınlarda onun əməlləri ilə bağlı məsələnin Tehrandakı səfirliyimiz vasitəsilə İran hökumətinin diqqətinə çatdırılacağı barədə ciddi xəbərdarlıq edildikdə, hiss olunur ki, İran hökuməti daha qətiyyətli tədbirlər görməyə başladı".

 Müəllifin arxiv sənədlərinə əsaslanaraq, Əziz Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda işlədiyi illəri başqa rakursdan işıqlandırır, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edir. Xüsusilə, kitabda Əziz Əliyevin Cənubi Azərbaycandakı məhsuldar fəaliyyətindən sonra Dağıstana rəhbər təyin olunmasının səbəbləri barədə, o dövrdə Mərkəzi komitənin katibi olmuş Mirhəsən Seyidovun xatirələrində yer verilir. O, belə qeyd edirdi ("Tam məxfi - Mirhəsən Seyidov, Xatirələr". Əlyazma): "Qohumum, həkim Əliyev Əziz Məmmədkərim oğlunun ailəsi bizim kimi 1918-ci ilin mart hadisələri zamanı erməni daşnaklarının türklərə qarşı törətdikləri qırğınlardan qaçaraq İrəvan şəhərini tərk etmişdilər. Ailəsi Naxçıvan vasitəsilə Bakıya köçmüşdür. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra həkim, sonra isə Tibb İnstitutunun rektoru, Xalq Səhiyyə Komissarı, MİK Rəyasət Heyətinin katibi seçilmişdir. Sonra M.C.Bağırovun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katiblərindən biri seçilmişdir. Böyük Vətən müharibəsi başlayan kimi Əziz Əliyev Azərbaycanın digər məsul işçiləri ilə birlikdə sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərilmişdir. 1942-ci ildə Krım tatarlarının deportasiyası məsələsindən sonra (Qeyd: rəsmi olaraq Krım tatarlarının deportasiya olunmaları barədə 2 aprel 1944-cü il tarixində qərar qəbul edilib. Amma görünür, artıq 1942-ci ildə Krım tatarlarının deportasiya olunmaları ilə əlaqəli Dövlət Müdafiə Şurasında gizli bir qərar olubmuş. Onu da qeyd edim ki, Dövlət Müdafiə Şurasının bir çox gizli qərarları bu günə qədər "məxfi" qrifi ilə qorunur və ya təlimata uyğun olaraq qısa bir müddət sonra məhv edilirdi. Hər halda Beriyaya yaxınlığı ilə seçilən M.C.Bağırov hələ 1942-ci ildə belə bir gizli qərarın olması barədə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibləri arasında müzakirəsini aparmışdır. Mərkəzi Komitənin katibi kimi bu hadisə Mirhəsən Seyidovun yaddaşında məhz 1942-ci il kimi qalmışdır. Rəsmiyyətdə isə, 1944-cü ilin may ayının 10-dan başlayaraq işğaldan azad olunmuş Krım yarımadasından Krım tatarlarının deportasiyasına start verilmişdir. Dövlət Müdafiə Komitəsi Krım tatarlarının Özbəkistan SSR-ə köçürülməsi haqqında 1944-cü il aprelin 2-də qərar qəbul etmişdir. Köçürmə əməliyyatı 1944-cü il mayın 10-dan iyunun 1-nə qədər davam etmişdir.) müharibənin qızğın vaxtında Moskvada müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülmə məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qaldırmağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Dağıstanın rəhbərləri M.C.Bağırovun onlara qarşı xoş münasibətini yaxşı bilirdilər. Buna görə də tələsik bir qrup ağsaqqal Bakıya Bağırovla görüşə gəldilər. Onlar Bağırovdan xahiş etdilər ki, o, Dağıstan xalqlarının başına gələ biləcək bu dəhşətli faciənin qarşısını alsın. Bağırov Stalinə zəng vuraraq Dağıstandan gələn ağsaqqallar barədə məlumat vermiş, məsələnin mahiyyətini ətraflı danışmağa başlamış və dərhal anlamışdı ki, bu iş hələ Stalinə çatmayıbdır. O, tarixən formalaşmış xalqlarımız arasındakı münasibətlərdən danışmışdır. Bildirmişdi ki, dağıstanlı heyvandarlar ailələri ilə birlikdə onlara məxsus yüz minlərlə qoyunun qışladığı Azərbaycanda yaşayır və hər dördüncü neft ustası dağıstanlıdır. Dağ xalqları bizim qardaşlarımızdır.

O, Stalindən dağıstanlıların doğma yurdlarından köçürülməmələrini xahiş etmiş və onların sədaqətli olacaqlarına dair bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Stalin isə demişdir: "Mənə hələ bu barədə məlumat verilməyib, əgər siz dağıstanlıların sədaqətli olacaqlarına görə bütün məsuliyyəti öz üzərinizə götürürsünüzsə, yaxşı, qoy belə olsun, onların köçürülməsinə razılıq verməyəcəyəm, onda bu respublikanı öz himayənizə götürün, rəhbər heyəti etibarlı və yetişmiş kadrlarla əvəzləyin, tam nizam-intizamı bərpa edin".

Bu andaca M.C.Bağırov Dağıstana yeni rəhbər kimi Əziz Əliyevin namizədliyin irəli sürür. O, deyir: "Yoldaş Stalin, Siz Əziz Əliyevi tanıyırsız, o, istər İranda, istərsə də burda Mərkəzi Komitədə təşkilatçı partiya işçisi kimi özünü yaxşı tərəfdən göstərmişdir". Stalin Bağırovun sözünü bitirməyə imkan vermədən "doğru və düzgün namizəddir", deyərək telefon söhbətini bitirir.

Beləliklə, Dağıstan Vilayət Partiya Komitəsinin Birinci Katibi vəzifəsinə seçilən Əziz Əliyevlə birlikdə Azərbaycanın hüquq-mühafizə orqanlarının, komsomolun, həmkarlar ittifaqlarının böyük bir qrupu Dağıstana ezam edildi. Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların fədakar əməyi sayəsində onlar öz məqsədlərinə çatdılar. Müharibə illərində və müharibədən sonra bu respublikada heç bir neqativ fakt meydana çıxmadı. Beləliklə, Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmadı.

Sonda onu qeyd etmək istəyirəm ki, bu tədqiqat əsəri həqiqətən də, tariximizin bir çox gizli səhifələrinə işıq salır və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!