Dərin intiuisiyaya, mükəmməl müşahidə qabiliyyətinə malik həssas ürəkli və həssas olduğu qədər də sadə, səmimi insan Nərgiz xanım Paşayeva Azərbaycanın məşhur ziyalı ailəsində dünyaya göz açıb. Anası - işıqlı aydınlarımızdan olan şərqşünas alim Aida xanım İmanquliyevanın və babası - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yolunu davam etdirən Nərgiz xanım Paşayevanın Bakı Dövlət Universitetinin qazandığı uğurlarda, keçdiyi şərəfli yolda öz dəst-xətti, öz imzası var.
Nərgiz xanım daim elmi axtarışda olmaqla yanaşı, istedadlı gənclərə həmişə əsl yaradıcılıq mühiti yaradır, qabiliyyətlərinin üzə çıxması üçün əlindən gələni əsirgəmir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünün gəncliyinə ünvanlanmış: "Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm" çağırışını əsas götürərək həmişə gənclərimizin yanındadır və onlara böyük önəm verir.
Arif Paşayev və Aidə xanım İmanquliyeva kimi görkəmli şəxsiyyətlərin ocağında dünyaya gəlmiş Nərgiz xanım Paşayeva bu iki ziyalının aşıladığı ən yüksək dəyərləri, eyni zamanda dahi babalarından (böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayev və Azərbaycan jurnalistikasının patriarxı Nəsir İmanquliyev) irsən ona əxz olunan ən ali keyfiyyətləri özündə cəmləşdirir.
Akademik Nərgiz xanım Paşayevanın zəngin elm yoluna nəzər salaq:
Nərgiz Paşayeva 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir. 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir. Nərgiz xanım ilk azərbaycanlı qadın kimi 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının məşhur "Çörçil" zalında məruzə ilə çıxış etmişdir. Nərgiz xanım həmçinin "Qarabağnamə" operasının librettosunun müəllifidir. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə "Molla Nəsrəddin" jurnalı yenidən çap olunmuş, "Səməd Vurğunun xatirələri" kitabı, "Azərbaycan xalq çalğı alətləri" kataloqu hazırlanmış və çapdan çıxmışdır. Nərgiz xanım dünya deyilən sənmişsən, Sabirin novatorluğu, Antik ədəbiyyat tarixi, İnsan bədii tədqiq obyekti kimi, Yeniləşən ədəbiyyatın yeni insanı, Şərqin ruhu və Qərbin idrakı, Əl-Fərabi və varlığın birliyi və s. əsərlərin müəllifidir.
Alim 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü, 2018-ci ildə AMEA-nın vitse-prezidenti seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ilin aprel ayında YUNESKO-nun "Mədəniyyətlərin müxtəlifliyinə görə" medalı ilə, Rusiya Federasiyasının Prezidentinin 20 aprel 2011-ci il tarixli 483 saylı Sərəncamına əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə - "Dostluq" ordeni ilə, 26 yanvar 2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomu ilə, 19 aprel 2017-ci ildə Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalı ilə, 25 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət ordeni" ilə, 13 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Məlumat üçün bir daha bildirək ki, akademik Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin Şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir. O, çıxışlarının birində qeyd edir: "Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qərb dünyasının ən nüfuzlu bu tədris ocağında hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən xalq, əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqe tutub, söz deməyi bacara bilər", "Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı bir çox məsələlərin hazırda dünya elmi ictimaiyyəti üçün böyük maraq doğurduğu sirr deyil. Əsas odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş nəticələri olsun və gələcək tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq üçün obyektiv - Oksford Universitetinin malik olduğu baxışa sahib olsunlar. Ümid edirəm ki, biz Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzi vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik. Ən müqəddəs vəzifəmiz Nizami Gəncəvinin adını Oksford Universitetində daimi yaşatmaqdır".
Nərgiz Paşayevanın doğum günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Akademik Nərgiz Paşayeva" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, özünün müəllifi olduğu əsərlər, eləcə də tərtibçisi və redaktoru olduğu kitablar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr nümayiş olunur.
Zəngin biliyi, fitri yaradıcılıq istedadı ilə Azərbaycan elminin inkişafına, xalqımızın tarixinin, mədəniyyətinin dünyada tanınmasına xidmət edən, nəcib insan, Vətən sevdalısı, gənclərə örnək akademikimiz, Əməkdar elm xadimi Nərgiz xanım Paşayevanı doğum günü münasibətilə təbrik edir, dəyərli alimimizə çətin və şərəfli elm yolunda tükənməz yaradıcılıq uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!