Şair, nə gözəldir rübabın sənin... - Emin Sabitoğlu

Sevimli şairimiz Nəbi Xəzri yaradıcılıq görüşlərinin birində demişdir ki, mən mahnı üçün xüsusi olaraq mətn yazmıram. Sözlərimə bəstələnmiş mahnılar bəstəkarların öz təşəbbüsü ilə yarananlardır. Bu gün Nəbi Xəzrinin şeirlərinə bəstələnmiş onlarca mahnını eşidərkən belə qənaətə gəlirsən ki, şairin poeziyası başdan-başa musiqi ilə çulğanmışdır. Onun dərin lirika ilə aşılanmış rəngarəng poetik aləmi üçün canlı lövhələr, obrazlı dil, gözəl və təravətli ifadələr xarakterikdir. Belə şeirlər də, adətən musiqiyə çox gözəl yatır, bəstəkara bu poetik aləmi musiqi dili ilə "səsləndirməyə" böyük imkan yaradır. Əslində bütövlükdə mahnının uğurlu çıxması mətndən çox asılıdır. Başqa sözlə, yaxşı mahnı odur ki, melodiyası şeirin xarakterindən doğsun. Nəbi Xəzri poeziyası məhz belə poeziyadır. Digər tərəfdən, şairin şeirlərinin musiqisinin ahəngdar axını ilə vəhdət təşkil edən cəhətləri vardır. Mən deyərdim ki, onun musiqi yazılmış bir çox şeirlərinin ayrı-ayrı bəndindəki məna çalarları poetik məzmunu, fikri yeni musiqi ahəngi ilə verməyə vadar edir. Nəticədə, mahnının tamamilə orijinal bir forması alınır. Nəbi Xəzrinin şeirinə bəstələdiyim "Mavidir" adlı mahnıda olduğu kimi.

Nəbi Xəzri poeziyasının məni özünə cəlb edən başqa bir məziyyəti müasirlikdir. Onun şeirlərində Vətəni sonsuz məhəbbətlə sevən, öz ölkəsinin, eləcə də respublikasının bugünkü nailiyyətləri ilə öyünən vətəndaş şairin qəlbi döyünür, ürəyinin nəbzi müasir həyatımızın ritmi, inkişafımızın tempi, sürəti, vüsəti ilə bir vurur. Musiqi haqqında söhbət düşəndə tez-tez işlədilən "ritm" və "temp" sözlərini burada gəlişigözəl ifadələr kimi xatırlamadım. Məhz şeirlərində olan ritm və templər bəstəkarlara mövzunun ritmini və tempini diktə edir.

Bir çox sənət dostlarım kimi, mən də Nəbi Xəzri poeziyasına tez-tez müraciət edirəm, hər dəfə də eyni heyranlıqla. Onun iyirmiyə qədər şeirini bəstələmişəm: "Dərələr", "Sənin üçün", "Mavidir", "Axtar sən məni", "Təkcə ümid qalsın", "Çinar", "Qəlbimdə qaldın" və s. Məşhur müğənnilərimizin repertuarında möhkəm yer tutan həmin mahnıların uzun müddət sevilməsinin bir səbəbi də şairin poeziyasına dinləyicilərin, musiqisevərlərin bəslədiyi ehtiramdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!