AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırovun transfoneliterasiya edərək nəşrə hazırladığı “Məmməd Səid Ordubadi. Qanlı sənələr” kitabı işıq üzü görüb.
İnstitutdan bildirilib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, müəllifin ətraflı şərh, izahlar və lüğət əlavə etməklə tərtib etdiyi kitab görkəmli şair, naşir, mühərrir və ictimai xadim Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərinin transfoneliterasiya olunmuş variantıdır. Əsər 1905-1906-cı illərdə Qafqazda cərəyan etmiş hadisələr zamanı canlı şahidlərin verdikləri ifadələr, məktublar və dövri mətbuat materialları əsasında yazılıb. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktının canlı səhnələrini və nəticələrini əks etdirən bu kitab illər ötsə də, öz tarixi əhəmiyyətini itirməyib.
Yeni nəşrin elmi redaktoru və kitabda yer alan geniş ön sözün müəllifi akademik Teymur Kərimlidir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!