Azərbaycan və Türkiyə naşirləri arasında memorandum - imzalandı

Türkiyədə keçirilən 41-ci TÜYAP Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) ilə Türkiyə Nəşriyyatlar Birliyi arasında görüş keçirilib.

Edebiyyatqazeti.az xəbər verir ki, görüşdə hər iki ölkənin kitabçılıq sektoru ilə bağlı prioritetləri müzakirə olunub, nəşriyyatçılıq qarşısında dayanan əsas problemlər, əməkdaşlıq məsələləri barədə müxtəlif fikir və təkliflər səsləndirilib. Sonda iki qurum arasında 3 illik əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən hər iki birlik öz üzvləri ilə bağlı məlumatları bölüşəcək, bu informasiyanın cariliyini diqqət mərkəzində saxlayacaq.

Bundan başqa, sektorun inkişafı, qarşıda dayanan problemlər və həll yolları təklif olunacaq, təşkil edilən sərgilər, festivallar barədə illik hesabatlar yazılacaq. Bu addımlar sayəsində qurumların fəaliyyət arealında mümkün əməkdaşlıqlar və investisiya təklifləri ilə bağlı yol xəritəsi hazırlanacaq.

Qeyd edək ki, builki TÜYAP Kitab Sərgisində fəxri qonaq ölkə Azərbaycan olub. Ölkəmizin Mədəniyyət Nazirliyinin dəstəyi ilə 100-ə yaxın naşir, yazıçı və sənət adamı sərgiyə qatılıb. Azərbayacan nümayəndə heyətinin tərkibində ANAİB üzvü olan 15 naşir də sərgidə iştirak edib. Sərgidə xüsusi proqramla təmsil olunan ANAİB üzvləri türk və əcnəbi naşirlərlə görüşüb, müəllif hüquqları mövzusunda müzakirələr aparıb, müxtəlif panellərdə çıxış edib, yazıçılarının imza mərasimlərini təşkil edib və naşirlərin peşəkar toplantılarına qatılıblar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!