Şəhidlər - Əli Vəlioğlu

Poemadan parça

 

1


Qan yağdı Vətənə Yanvar gecəsi,

Bu dinc əhalini ottək biçdilər.

Qana qəltan oldu elin haqq səsi,

Tanklar körpələri əzib keçdilər.

 

Heyif ki, düşməni dost bildik, heyif,

Ondan bizə çatan təhqir - pay oldu.

Onda ayıldıq ki, qannan don geyib

Yanvar bir özgə gün, özgə ay oldu.

 

Dünyanı aldadan o "qızıl bayraq"

Millətlər boyuna bir kəfən imiş.

Cəhənnəm yurdunda o boş təmtəraq

Səadət deyilmiş bir şivən imiş.

 

Çalxandıq 70 il qan çanağında,

Yağı cəhənnəmə, ayranı hanı?

Yandıq, külə döndük qan ocağında,

Zalım zülm etdikcə ucaldı "şanı".

 

Durna qatarına dönüb gəldilər

O gecə yurduma ərlər-ərənlər.

Babək doğuldular, Babək öldülər,

Canını Vətənə qurban verənlər.

 

Yüz illər keçsə də, ötsə də zaman,

Demə el bu haqqı itirəcəkdir.

Ana gözlərindən su içən Vətən

Çinar oğulların yetirəcəkdir.

 

Ey vətən yolunda şəhid ərənlər

Sizə yox, namərdə o qəbir qazıldı.

Sizin ruhunuzu uca bilənlər

İntiqam almağa hər an hazırdı.

 

Bir anda çəkildi qəflət yuxusu,

Tarix sınağına çəkildik necə…

Gəldi azadlığın gözəl havası,

Bir əldə yumruğa döndük o gecə.

 

Meydanda yarandı insan dənizi,

Ərənlik sel kimi axdı meydana.

Ay kimi, gün kimi açdı bənizi,

Vətən vətən oldu, ana da ana…

 

Şəhidlər dən kimi düşdü torpağa,

Yenidən boy atıb, göyərsin deyə.

Analar mərdliklə dözdü bu dağa,

Dünya heyran qaldı bu mənzərəyə.

 

Şəhidlər qanıyla boyanan Vətən

Yenə laləsini bitirəcəkdir.

Bu torpaq uğrunda canından keçən

Yeni qəhrəmanlar yetirəcəkdir.

 

2

Zevsdən od alan Prometeytək

Biz ulu Tanrıdan bəxt oğurlayaq.

Alınmaz, yenilməz qayatək bitək,

Yurda qara günlər basmasın ayaq.

 

Haqq-hesab vədəsi yetir illərin,

Şəhidim, məzarda rahat uyu.

Rəmzinə çevrilən qərənfilləri

Öpüb gözlərimin üstünə qoyum.

 

Umduğun yerlərə sancılacaqdır

Şəhidim, inan ki, zəfər bayrağım.

Xalqım zalımlardan öc alacaqdır,

Yenə olacaqdır dağlarım dağım.

 

Silaha sarınmaq vədəsi gəlir

Yarımçıq savaşı bitirəcəyik.

Uğrunda qanınız axan bir haqqı

Ərzin hər yanına yetirəcəyik.

 

Qisas yerdə qalmaz deyib babalar,

Zülm ilə ucalan zülm ilə enər.

Şəhidim, qələbə marşı yenə də

Sizin dilinizdən dil açıb dinər.

 

Nə xoşbəxt yaratdı sizi Yaradan,

Bu Vətən yolunda şəhid oldunuz.

Yüz dəfə Vətənə olardız qurban

Bir daha anadan doğulsaydınız.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!