Məmməd İsmayılın 85 illik yubileyi - qeyd olunub - FOTOLAR

Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli şairi, professor Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub.

Tədbirin moderatoru Xalq şairi Sabir Rüstəmxanlı hər kəsi salamlayaraq bu yubiley tədbirinin təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. Məmməd İsmayılın ədəbiyyata gəldiyi illəri yada salan Sabir Rüstəmxanlı onun Azərbaycan ədəbiyyatı üçün necə qiymətli imza olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli Məmməd İsmayılın "Gənclik" jurnalını yaratmasından və özündən sonrakı ədəbi nəsilə dəstəyindən bəhs edib, AYB-nin Fəxri diplomunu yubilyara təqdim edib.

Millət vəkili Fazil Mustafa Məmməd İsmayılın yüksək bədii təfəkkür sahibi olmaqla yanaşı, Azərbaycanın milli şüurunun formalaşması prosesindəki müstəsna rolunu qeyd edib.

Akademik Muxtar İmanov Məmməd İsmayılın yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib, şairin poetik nümunələri, mövzu, ideya, bədii məziyyətlərindən söhbət açıb. Məmməd İsmayılın yaradıcılığındakı folklor motivlərini önə çəkərək müxtəlif şairlərlə yaradıcılıq paralelləri aparıb. Məmməd İsmayılın poema və şeirlərindəki vətən, yurd, təbiət sevgisini şairin məfkurə yolunun əsas istiqamətləri kimi dəyərləndirib.

Millət vəkili, ədəbiyyatşünas Elnarə Akimova Məmməd İsmayılın müxtəlif illərdə qələmə aldığı poetik nümunələr, onların xüsusiyyətləri barədə fikirlərini bölüşüb və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Polad Bülbüloğlunun təbrik məktubunu səbəbkara təqdim edib: "Ədəbiyyatımızda çox az şairlər var ki, yaradıcılığı həm millətin, həm də onun özünün tərcümeyi-halını ehtiva edir. M.İsmayılın şeirləri xalqın, vətənin tale yolunun ifadəsi olmaqla bərabər, həm də öz mənəvi yaşantılarının poetik əksidir. "Hələ söz vətəndə, mən qürbətdəyəm" misralarından "Bircə ana vətənmiş, yerdə qalanı qürbət" poetik etirafınacan yol gəlib bu poeziya. Məmməd İsmayılın şeirləri bizim poeziyada, ilk növbədə, milli dil hadisəsidir. Onun yazdığı nümunələrdə dilin bütün etno-psixoloji ifadə çalarları ehtiva olunur: xalqın milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti və s. Məmməd İsmayılın şeirlərində ruh daim mübariz olub, poetik-bədii təfəkkürü daim əski qaynaqlara söykənib, dil materialı, bədii təsvir və ifadələr sistemi təbiətə və dünyaya münasibətin özünəqayıdış qütbünü nişan verən yaradıcı enerji ünvanımızdan biri kimi mənalanıb. Onun  şeirlərində Vətən sevdası daha diri, daha oyaq görünüb. Eyni zamanda şair təbiətin gözəlliyini poeziyanın musiqisinə - səs keyfiyyətinə çevirməyi bacarıb. Və bu şeirlər əslində poeziyanı bir başqa şəkildə sevməyə, təbiəti başqa şəkildə qavramağa kömək edir".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan bildirdi ki: "1980-ci illərin sonlarındakı ideoloji siyasi burulğanın qoynunda Azərbaycanda "Gənclik" jurnalı nəşr olunmağa başladı. "Gənclik" jurnalı Azərbaycanda demokratik təfəkkürün pərvəriş tapmasında həlledici rol oynadı. 1980-ci illər nəslinin imzası istisnasız olaraq, "Gənclik" jurnalının səhifələrində görünməyə başladı. Mən o zaman rayonda yaşayan 24 yaşlı bir gənc  idim və Məmməd İsmayıl məni şəxsən tanımırdı. Buna rəğmən, yazılarımı ardıcıl şəkildə çap edirdi. Beləliklə, mən üç yüz min tirajla nəşr olunan həmin jurnalın ilk və daimi müəlliflərindən biri oldum. Məmməd İsmayıl gəncliyə yeni ədəbi üfüqlər və istiqamət göstərən bir ədəbiyyat mürşidi oldu. Məmməd İsmayılın cəsarəti ədəbi gəncliyə xüsusi stimul verirdi.

Amma burada mühüm bir məqamı xatırlatmaq istəyirəm. 2020-ci il sentyabrın son günlərində başlayan və 44 gündən sonra böyük qələbəmizlə bitən İkinci Qarabağ savaşının ilk günlərində Məmməd İsmayıl sentyabrın 29-da redaksiyamıza Azərbaycan əsgərini vəsf edən bir şeir göndərdi. Və qəzetimizin "Qarabağ Azərbaycandır və nida!" başlığı ilə çıxan sayında Məmməd İsmayılın "Azərbaycan əsgəri" şeiri çap olundu. Azərbaycan poeziyası İkinci Qarabağ savaşına Məmməd İsmayılın həmin şeiri ilə qatıldı.

 

Boyuna qurban olum, Azərbaycan əsgəri,

Dünyanın ən müqəddəs qələbəsi sənindir.

 

Beləliklə, Azərbaycan əsgərinə səslənən ilk Azərbaycan şairi Məmməd İsmayıl oldu. Və Məmməd İsmayıl şeirinə bir neçə ay əvvəl saytlardan birinə verdiyi müsahibədə dediyi bir diləyini  epiqraf kimi yazmışdı: "Mən bu dünyadan məğlub millətin şairi kimi getmək istəmirəm".

Tədbirdə millət vəkili Aydın Hüseynov, yazıçı Şərif Ağayar, şair Akif Əhmədgil, Əkbər Qoşalı, gənc yazarlar - Nadir Yalçın, Aysel Səfərəliyeva və digər fikir adamları çıxış edərək Məmməd İsmayıl yaradıcılığı barədə söhbət açıb şairi təbrik ediblər.

Müğənnilər - Gülyaz Məmmədova, Rövşən Əziz, Ayşən Mehdiyeva Məmməd İsmayılın sözlərinə bəstələnmiş mahnılar ifa ediblər, Ağalar Bayramov və Xəzər Süleymanlının qiraətində şairin şeirləri səsləndirilib.

Sonda Məmməd İsmayıl tədbirin təşkilatçılarına, qonaqlara minnətdarlığını bildirib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!