XX əsr Azərbaycan ədəbiyyatı tarixinə dair fundamental dərslik - çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı 3 cilddən ibarət dərsliyi çapdan çıxıb.

İnstitutdan bildirilib ki, dərsliyin I cildi Azərbaycan milli hərəkatı (1890-1920-ci illər), II cildi postcümhuriyyət və sovet (1920-1950-ci illər), III cildi isə müstəqillik ərəfəsi və müstəqillik (1960-2020-ci illər) dövrlərini əhatə edir. Dərslikdə dövrün ədəbi prosesinə, ədəbiyyatına yeni meyarlarla yanaşılır və yeni konsepsiya təqdim edilir.

Monoqrafiyada həm də XX əsr Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə konsepsiyası öz əksini tapıb. Dərslikdə ədəbiyyatın ayrı-ayrı inkişaf meyilləri, istiqamətləri, problemləri və hadisələri təhlil edilir. İlk dəfə olaraq bütöv bir əsrin ədəbi prosesi yeni Avropa tipli ədəbiyyat tarixçiliyi baxımından ideoloji meyarlarla deyil, ədəbi yöndən tərəfsiz araşdırılır. Müəllif bir çox mürəkkəb, ziddiyyətli hadisələri, “izm”ləri, ədəbi cərəyanları, fərqli metodologiyanı və ədəbi prinsipləri özündə ehtiva edən yüzilliyin ədəbiyyatına özünəməxsus ədəbi, metodoloji kontekstdən yanaşır və mümkün olduğu qədər doğru bir konsepsiyadan çıxış edir. Repressiya, sovet ədəbiyyatı, mühacirət və legion ədəbiyyatı kimi problemlər obyektiv şəkildə araşdırılıb, ədəbi şəxsiyyətlər yeni düşüncə ilə qiymətləndirilib. Lakin onu da demək lazımdır ki, kitabda dövrün ədəbi şəxsiyyətlərinin hamısına ayrıca oçerk həsr edilməyib, burada yalnız ədəbiyyatın istiqamətini dəyişməyə çalışmış, özünü təsdiq etmiş sənətkarlara ayrıca oçerk vermək mümkün olub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!