Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xalq yazıçısı Elçin və millət vəkili Günay Əfəndiyeva, Qırğızıstandan gəlmiş ziyalılar, media mənsubları və başqaları iştirak ediblər. Əvvəlcə yazıçının əsərlərindən və haqqında yazılmış kitablardan ibarət sərgiyə baxış olub.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Çıxışında vurğulayıb ki, İlyas Əfəndiyev sovet dövründə yaşayan, amma mümkün olduqca həmin ideologiyadan kənarda duran, qalan ədəbiyyat yaradıb. O sovet dövründə yaşasa da, ümummilli ədəbiyyat yaradaraq, xalqa onun ideallarına həsr olunan əsərlər yazmağın mümkünlüyünü isbat edib. Azsaylı yazıçılardan biridir ki, Komminist Partiyasının sıralarına daxil olmayıb. O, ixtisasca da ədəbiyyatçı deyil, coğrafiya fakultəsini bitirmişdi. Öz istedadının gücü ilə, öz qəlbinin səsi ilə yazıb yaradaraq bu gün də, sabah da yaşayan, ictimai formasiyaların dəyişməyindən asılı olmayaraq yaşaya biləcək əsərlər yaradıb. Onun yazdıqları Azərbaycanın sabahına ünvanlanan, xalqının milli mənafeyinin daha dərindən təsvirinə həsr olunub. “Kənddən məktublar”dan başlayan bu böyük ədəbiyyat, Azərbaycan nəsrini zənginləşdirən yeni ədəbiyyatın yaranması ilə nəticələndi.
Hesab edirəm ki, sovet dövründə Azərbaycanda lirik-psixoloji nəsrin ən böyük ustadı İlyas Əfəndiyevdir – deyən akademik onun “Söyüdlü arx”, “Bahar suları” kimi əsərlərindən başlanan bu üslubun inkişaf edərək “Sarıköynəklə Valehin nağılı”na qədər davam etdiyi xatırladıb.
“İlyas Əfəndiyevin yaradıcılığından danışanda onun dramaturgiyasını ayrıca qeyd etməmək mümkün deyil” – söyləyərək bildirib ki, o, lirik-psixoloji teatrın və dramaturgiyanın da yaradıcısıdır. İlyas Əfəndiyevin teatrı lirik-psixoloji üslubda olan, insanın iç dünyasını cəmiyyətə təqdim edən fərqli teatr idi. İlyas Əfəndiyev xüsusən 1960-1980-ci illərdəki əsərləri ilə Azərbaycan xalqının ideologiyadan kənar, amma milli ideallara, gerçək həyata yönəldilmiş bir ədəbiyyatı xalqa verməklə onun gələcək müstəqilliyinə hazırlaşmasına kömək edib. Xüsusən də “Natəvan” və “Xiyabani” pyesindəki azərbaycançılıq idealları İlyas Əfəndiyevin dövlət müstəqilliyi təfəkküründə yeni nəslin yetişməsində xidmətlərini aydın şəkildə ifadə edir. Onun əsərləri, istər janrına və mövzusuna, istərsə də qəhrəmanlarına görə də yeni olur. Həm sənətkarlıq, həm də mövzu və ideya cəhətdən bənzərsiz və əhəmiyyətli yazıçıdır. Ona görə də onu daim öyrənirik. Dissertantlarımızdan birinə də İlyas Əfəndiyevin yaradıcılığı haqqında dissertasiya mövzusu vermişik. Bu mövzu ədəbiyyatşünaslıq elmimizin də vəzifəsidir. Bu tədbir də İlyas Əfəndiyevə elmin yenidən qayıdışının ifadəsidir – deyə akademik İsa Həbibbəyli çıxışını yekunlaşdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Asif Rüstəmli “İlyas Əfəndiyev yaradıcılığı Yaşar Qarayevin dəyərləndirmə müstəvisində”, filologiya elmləri doktoru Vaqif Yusifli “İlyas Əfəndiyevi xatırlayarkən” və filologiya elmləri doktoru Sara Osmanlı “Yazıçı tənqidinin meyarları” mövzularında məruzələr ediblər.
Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmatalıyev çıxışında bildirib ki, Qırğızıstanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Anar və Elçinin əsərləri tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Öz ölkəsində alimlərin, tədqiqatçıların və tərcüməçilərin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini də vurğulayıb. İlyas Əfəndiyevin üç romanının qırğız dilinə tərcümə olunaraq nəşr edildiyini və böyük maraqla qarşılandığını əlavə edib. Qonaq çıxışında konfransın təşkilinə görə Akademik İsa Həbibbəyliyə təşəkkür edib.
Böyük elmi işçi Dilarə Adilova “İlyas Əfəndiyevin romanlarında müasirlik” mövzusunda məruzəsində qeyd edib ki, “İ.Əfəndiyev nəsrinin əsas qolunu onun “janrı gözəl bildiyi” romanları təşkil edir. Onun romanlarının mövzusunu nə konkret kəndə aid etmək olur, nə şəhərə. Yazıçının qəhrəmanları birmənalı şəkildə nə kəndlidir, nə şəhərli. Kəndlə şəhər arasında “var-gəl” edirlər. “Söyüdlü arx” və “Dağlar arxasında üç dost” romanlarında müharibədən sonra böyük aqrar ölkənin ucqar kəndləri – Güney qışlaq, Quzey qışlaq və Qartallı dərə təsvir edilir, müasir kənd modeli, onun tərəqqisi problem kimi götürülür. Kəndlərimizin bu günki mənzərəsindən fərqli olaraq, Oralarda həyat qaynayır. Heç kim şəhərə köçməyi düşünmür, əksinə, şəhərlilər təyinatla rayona işləməyə gedir. Şəhərlə kəndin fərqinin itdiyi bugünümüzdə isə kəndlərdə evlər boş qalıb…”
Əlavə edib ki, “İ.Əfəndiyev cəmiyyətdəki və insan mənəviyyatındakı qüsur və eybəcərliklərlə öz əsərləri ilə mübarizə aparırdı. İnsan haqlarının pozulması və taptanılmasına, əxlaq pozuntusuna qarşı barışmaz mövqedə idi. Zəhmət, əmək, ailə, dostluq onun üçün müqəddəs nəsnələr olub əsərlərinin də baş mövzusu idi. “Sarıköynəklə Valehin nağılı” yazıçının digər romanlarından fərqlənir... Əgər “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” 60-ların əvvəllərini əhatə edirdisə, “Sarıköynəklə Valehin nağılı” sosial, məişət və ictimai problemləri ilə sırf 80-lərə aiddir. Burada gördüyümüz xoşbəxt cütlüklə ədibin başqa romanlarında qarşılaşmırıq. Romanda uşaqlıqdan bir-birini sevən iki gəncin çətin taleyi və saf məhəbbəti fonunda dövrün çatışmazlıqları, haqsızlıqları əks olunur. “Romanın sərlövhəsinə çıxarılmış “nağıl” sözü təsadüfi xarakter daşımır”. Bu, yazıçıya yeri gəldikcə hadisələri “nağıl”laşdırıb, qəhrəmanları düşdükləri mürəkkəb vəziyyətlərdən çıxarmağa imkan verir. Nağıl qəhrəmanları həmişə simvol kimi qəbul edilirlər; işıq-qaranlıq, xeyir-şər... “İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının özünəməxsus nağılıdır”. (akademik İsa Həbibbəyli) Elə romanın “happy end”lə bitməsi əsl nağıl sonluğudur”.
Tədbirin sonnda ədibin ailəsi adından Xalq yazıçısı Elçin çıxış edərək bu tədirdə söhbətin ədəbiyyatdan getməsinə görə onu xoş hadisə adlandırıb. Bildirib ki, məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları İlyas Əfəndiyevin yaradıcılığı barədə sanballı söz dedilər.
Atası haqqında danışaraq vurğulayıb ki, onun əsərləri bu gün heç bir dəyişikliyə məruz qalmadan oxuculara alın açıqlığı ilə təqdim olunur.
Ədəbiyyat İnstitutu ilə bağlı xoş xatirələrini və təəsüratlarını bölüşən Xalq yazıçısı məruzələr haqqında da yüksək fikirlər səsləndirib. “Bu gün mütəxəssis sözü İlyas Əfəndiyev yaradıcılığına daha artıq qiymət verirsə, deməli, o, xoşbəxt yazıçıdır. İlyas əfəndiyev öz yaradıcılığı ilə ideologiyaya yox, ədəbiyyata xidmət edib” – deyərək çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildirib.
literature.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!