KİTAB TÜRK ƏDƏBİYYATI VƏQFİNİN YENİ SERİYASI ÜZRƏ ÇAP OLUNUB
Bugünlərdə görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlalın "Kəmtərovlar ailəsi" adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.
Yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən "Türk dünyası ədəbiyyatı seriyası"ndan çap olunan birinci kitabdır.
Kitabda Mir Cəlalın "Həkim Cinayətov", "Bostan oğrusu", "İclas qurusu", "Kəmtərovlar ailəsi", "İstifadə", "Elçilər qayıtdı", "Niyə ovdan ayaq çəkdim", "Təzə toyun nəzakət qaydaları", "Vətən yaraları", "Susuzluq", "Leyla", "Müalicə", "Plovdan sonra", "Nazik mətləb", "Xarici naxoşluq", "Ay İsmayıl, başa sal", "İnsanlıq fəlsəfəsi" kimi bir-birindən maraqlı, müxtəlif mövzulu, müxtəlif səpkili hekayələri yer alıb.
Kitab yazıçının qısa bioqrafiyası ilə başlayır. Bioqrafiyadan sonra gələn "Təqdim" bölməsində Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı kitabın Türkiyədə çap olunması ideyasının yaranması, Mir Cəlal şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələrini bölüşür. Qeyd edir ki, Türk Ədəbiyyatı Vəqfi olaraq, 2018-ci ildən etibarən Türk Dünyasının bütün coğrafiyalarına, türkcə danışılan hər bir vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühitiylə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçiblər. Bu hədəfə doğru ilk addım isə Azərbaycan Yazıçılar Birliyi ilə birgə atılıb. Belə ki, bu çərçivədə yayımlanan ilk əsər də Azərbaycan ədəbiyyatından - bu il 110 illik yubileyi qeyd olunacaq Mir Cəlalın "Kəmtərovlar ailəsi" adlı hekayələr kitabı olub. Onun sözlərinə görə, bu əsərdə yer alan və hər biri oxucuda ciddi təsir oyadan hekayələr və Mir Cəlalın ədəbi şəxsiyyətilə bağlı təhlillər aparmaq mümkündür.
Kitabda "Ön söz" yerinə, yazıçının 2005-ci ildə Azərbaycanda işıq üzü görən "Seçilmiş əsərləri"nə Yaqub İsmayılovun yazdığı "Ön söz"dən çıxarışlar əlavə olunub. "Ön söz"də Mir Cəlalın ədəbiyyata gəldiyi ilk illərdən başlamış bütün yaradıcılığını incəliklərlə təhlil edən Y.İsmayılov onun ayrı-ayrı hekayələrini mövzu və ideya baxımından qruplaşdıraraq, oxucuya sxematik mütaliə üçün yardımçı olur: "Diqqəti zahiri effektə yox, daxili mənaya, səciyyəvi əlamətə yönəltmək, obrazı konkret əməlləri, duyğu-düşüncələri, fərdi və ümumi cizgiləri ilə canlandırmaq Mir Cəlal sənətini dəyərləndirən keyfiyyətlərdəndir.
525.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!