"Seçmələrin seçməsi - qranulalar" - təqdim olundu - FOTOLAR

"LIBRAFF"ın Park Akademiya filialında qələbəlik yaşanırdı. Hamı, onu sevənlər burdaydı... Xalq yazıçısı, akademik Kamal Abdulla bu dəfə oxucularının görüşünə tamamilə fərqli bir kitabla gəlmişdi. "Seçmələrin seçməsi - qranulalar"... Kitabın redaktorları - akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir.

Nədir qranulalar? Müəllif kitabın Ön sözündə bu haqda geniş məlumat verir:

"İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervyülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü, sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. 

Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.

Qranulanı əldə etməyin yolu Okkam ülgücünü işə salmaqdan keçib gedir. Odur ki, bu kitabı müəyyən mənada məhz Okkam ülgücünü işə salmanın nəticəsində yerdə qalmış kvintessensiyalardan ibarət və müəllifin özünün bütün bədii yaradıcılığı üçün cövhər saydığı bir mətn kimi də qəbul etmək olar.

On illər ərzində yazdığım mətnlərin hər biri, təbii ki, qələmə alınanda müxtəlif əhvalın və müxtəlif tövrlərin məhsulları kimi ortaya çıxmışdılar. Onları bir-birindən nəinki onillər, tamamilə əks əhval-ruhiyyələr, bəlkə də (təbii ki!) səviyyələr ayırmalı idi və ayırırdı. Ən azından, onları bir-birindən müxtəlif məqsədlər və müxtəlif niyyətlər fərqləndirirdi. İndi isə onlar bir-birinin yanında Qazi Bürhanəddin demiş, "qədd tutub" durmuş doğma qardaşlar, bacılar kimidirlər. Doğrudan da, onlar dil açarkən məni aldatmamışdılar. Bu yeni, ancaq qranulalardan ibarət mətndə qəribə bir ecazla zühur etmiş yeni cazibəni və təravəti duymamaq mümkün deyildi. Mən bir daha inandım ki, ömrüm boyu sahəsindən, janrından, məzmunundan asılı olmayaraq bir əsər yazmışam. O əsərin də "ən ləyaqətli nümayəndələri" bu kitabda bir-birinin yanında yer alıb".

Bir sözlə, bu kitabı Kamal müəllimin ədəbi-estetik platforması kimi də təqdim etmək olar.

Tədbirə bir az erkən gəlmişdim, mağazanın qarşısında, açıq havada gəzişməkdə idim. Başımı qaldıranda Kamal müəllimin yaxınlaşdığını gördüm. Salamlaşdıq, "tez gəlmisən" dedi. Az keçməmiş zalda iynə atsaydın, yerə düşməzdi. "Everest" Nəşriyyat evinin təşkilatçılığı ilə  keçirilən tədbirdə akademiklər, professorlar, ədəbiyyatşünaslar və oxucular iştirak edirdi.

Kamal Abdulla yaradıcılığı ilə bağlı bir-birindən maraqlı çıxışlarla yaddaqalan tədbir oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.

Xalq şairi Ramiz Rövşən dedi ki, bədii ədəbiyyatdan elmə gedən adamlar çox olub, amma elmdən bədii yaradıcılığa keçənlər nadir hallarda olur. Kamal Abdulla görkəmli dilçi alim kimi tanınırdı, nəsrə keçdi və ciddi bir yazıçı kimi sevildi. Bu, asan məsələ deyil.

Daha sonra çıxış edənlərdən akademik Vaqif Abbasov Kamal müəllimi filosof yazıçı kimi xarakterizə etdi və onun yaradıcılığını elmi aspektdən təhlil etdi. Akademik Muxtar İmanov Kamal Abdulla yaradıcılığı haqqında, xüsusən, yeni kitab haqqında öz fikirlərini bölüşdü. Millət vəkili Fazil Mustafa, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova və digərləri Kamal Abdullanın ümumən ədəbiyyatımızda yeri, mövqeyi haqqında dəyərli fikirlər söylədilər.

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdlərinin ifasında Kamal Abdullanın şeirləri səsləndi. Yazıçı ayağa qalxıb şagirdlərin hər birinə təşəkkürünü bildirdi və onlara müvəffəqiyyətlər arzuladı.

Kitabla geniş tanış olmaq imkanım olmasa da, dəyərli tədqiqatçımız Azər Turanın "Qranulalar" haqda fikirləri məndə müəyyən təəssürat yaratdı. Azər bəy yazır:

"...bu kitabın araçılığı ilə ədəbi tənqidimizdə ilk dəfə belə bir üslub dilə gəlir: "Azərbaycan ədəbiyyatının bu günə qədər hövlnak (qorxaqcasına) qaçmağa çalışdığı ən başlıca mövzu, ideya budur: o biri dünyanı görməzliyə vurmaq. Guya o biri dünya yoxdu, məhşər ayağı yoxdu və cavab vermək vaxtı - o müdhiş vaxt heç vədə gəlməyəcək".

Bu mənada, "Seçmələrin seçməsi - Qranulalar" həm də nəzəri kitabdır.

Bu kitab, eyni zamanda soykökü barədə düşüncədə milli ikiliklərdən imtinanı təlqin edən, Koroğluya deyil, Dədə Qorquda çağıran şəcərə kitabıdır".

 

Məni başqasından gizlətmək çətin,

Sənin hər yerindən görünürəm mən.

Üzündən, gözündən görünmək asan,

Səsindən, sözündən görünmək asan -

Sənin kölgəndən də görünürəm mən.

 

Kitabın hər səhifəsində oxucu bəzən günlərlə düşünə bilər, növbəti səhifəyə keçmək üçün sanki fikir keçidləridir bu qranulalar, səni hansısa sirrə doğru aparır... Kamal müəllimin yaradıcılığındakı sirr içində sirr, çoxqatlılıq bu kitabda işartılar formasında gözə görünür və cəzb edir.

Biz də arzu edirik ki, Kamal müəllimin bu dəyərli kitabı daha çox oxucuya çatsın.

 

Kənan HACI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!