Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı - nəşr edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, dörd fəsildən ibarət monoqrafiya bu mövzuya həsr edilmiş ilk elmi-tədqiqat işidir. Ədibin şeirləri, dram əsərləri və nəsri öz dövrünün ilk mənbələri əsasında tədqiq edilib. Əsərdə Cəmo bəy Cəbrayılbəyliyə məxsus “Vətən marşı”nın nəşr tarixi və “Azərbaycan marşı”na çevrilmə səbəbləri, bu şeirin yanlış olaraq Əhməd Cavada aid edilməsi incələnərək faktlar əsasında obyektiv dəyərləndirilib.

Tədqiqat işi Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu - 52” seriyası çərçivəsində çap olunub. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!