Sentyabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda türk dünyasının görkəmli şairi Fazil Hüsnü Dağlarcanın 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə yeni nəşr edilmiş “Dahinin tənhalığı” kitabı da təqdim olunub. Tədbiri kitabın müəllifi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Məlikli açaraq Fazil Hüsnü Dağlarcanın həyat və yaradıcılığından, onunla dostluq münasibətlərindən, xatirələrindən danışıb. “Dahinin tənhalığı” kitabı haqqında ətraflı məlumat verən Tofiq Məlikli bu kitabın illər öncə Rusiyada bir neçə dəfə çap edildiyini qeyd edib: “Daha sonra Bakıda Arifə Əliyevanın tərcüməsində Xəyal Rzanın rəhbəri olduğu aybKitab layihəsi çərçivəsində çap edildi. Bu gün təqdim etdiyimiz yeni nəşr isə kitabın genişləndirilmiş versiyasıdı”.
Sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib. Xalq yazıçısı Fazil Hüsnü Dağlarcanın yaradıcılığını çox sevdiyini, onun böyük şair olduğunu və Azərbaycana xüsusi məhəbbət bəslədiyini qeyd edib. Onunla görüşlərini xatırlayan Xalq yazıçısı Anar sonuncu dəfə ölümündən bir neçə ay əvvəl görüşdüklərini bildirib və bu görüşün təsirli məqamlarından danışıb: “Biz onun evində saat 4-də olmalı idik. Anacaq başqa görüşlərimə görə gecikirdik. Türk şair dostum Çengiz bəy məni tələsdirirdi. Sonra bildim ki, Fazil bəyə xidmət edən qadın saat 4-də qapını bağlayıb gedir və bir də səhəri gün gəlir. O, saat 4-dən sonra bağlı qapı arxasında səhərə qədər tənha qalmalı olur. Buna görə onun haqqında “Təntənə və tənhalıq” adlı yazı yazmışdım. Biz geciksək də görüşə bildik. Bu görüşdən bir neçə ay sonra ustadın ölüm xəbərini eşitdim.”
Tədbirdə çıxış edən elm adamları, ziyalılar Fazil Hüsnü Dağlarcanın yaradıcılığından, onun bənzərsiz söz dünyasından, fərqli üslubundan danışıblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!