Universal alim - Professor Nizaməddin Şəmsizadənin akademik Nizami Cəfərova ədəbi məktubu

Nizami Cəfərov-65

Sivil xalqların tarixində elə şəxsiyyətlər var ki, onlar milli taleyi müəyyən edirlər. XX və XXI əsrlərin, II və III minilliyin qovuşub-ayrıldığı dövrün Azərbaycan tarixinin belə şəxsiyyətlərindən biri sənsən. Sənin 65 yaşın yoxdur, sənin yaşın 165-dir. Axı, əzizim, böyük şəxsiyyətlərin yaşı illərin sayı ilə yox, əməllərinin, gördüyü işlərin sanbalı ilə ölçülür. İlləri, Allahın verdiyi ömrü bütün insanlar yaşayır, görkəmli alimin, şairin, bəstəkarın yaşadığı ömrü 2-yə, 3-ə, 4-ə, 5-ə vurmaq lazımdır. Əziz Nizi, sənin beşiyini ulu Dədə Qorqud yelləyib. Sən İlahinin bizə bəxş etdiyi nadir şəxsiyyətsən. Sənin kitablarından danışmayacağam. Onlar oxuyanlara bəllidir. Sən həm tənqidçi və ədəbiyyatşünas, həm dilçi-türkoloq, həm də tarixi-ictimai xadimsən. Mən sənin 60 illiyində yazdığım məqaləni əbəs yerə "Sərhədsiz düşüncə sahibi" adlandırmamışdım. Səninlə mənim dostlarım - İsa Hüseynov "Yanar ürək" yazmışdı. XX əsrin böyük filosofu Asif Əfəndiyev isə yanar zəkanı tərənnüm etmişdi. Sən həm yanar ürək, həm də yanar zəkasan. Əslində səninlə biz İslamdan əvvəlki türk əşirətlərinin adamlarıyıq, dünyaya gələndə səhv düşmüşük. Biz Odlar yurdunun od övladlarıyıq, elmin atəşiyik.

Müasir Azərbaycan türkünün bir faciəsi də kitabdan uzaq düşməsidir.

Çox güman ki, sənin və mənim kitablarımızı müasir gənclik - müzəffər dövrün gəncliyi oxumayıb.

Mənim dostum, kimyaçı professor Eldar Həsənov deyir ki, "Hər şeyin kalı yetişir, insanın kalı yetişmir". Çünki kitab oxumurlar, müasir texnologiyalar kitabı məhv edib.

Əziz Nizami, sənin adın özündən böyükdür. Çünki bu ad İsmayılbəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd Ağaoğlu, Yaşar Qarayevin adları ilə bir sırada durur. Bu adlar türkçülüyün yalavacı -  peyğəmbərləridir. Mən əminəm ki, vaxt gələcək, bizim yaşadığımız elm dövrü "Nizami Cəfər epoxası" adlanacaq!

Uca dağlar uzaqdan daha böyük görünür. Tarix bizdən uzaqlaşdıqca bizim elmi-tarixi əhəmiyyətimiz, dəyərimiz daha çox bilinəcək.

Sənin yazdıqların Azərbaycan xalqının, böyük türk millətinin milli  sərvətidir. Sənə uzun ömür arzulayıram.

Qardaşın - Nizaməddin Şəmsizadə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!