“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı - çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2024 №1) sayı nəşr olunub.

1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

“Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqında söz” adlı məqaləsi ilə açılır. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovadır.

Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Məhəmməd Füzuli - 530”, “Azərbaycan ədəbiyyatı” və “Mətbuat tarixi” bölmələrindən ibarətdir.

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.

 

science.gov.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!