Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Sevgi ağ rəngdə olur” adlı hekayələr toplusu Təbrizin “Aydınsav” nəşriyyatında çapdan çıxıb.
Edebiyyatqazeti.az saytına bu barədə məlumat verən müəllif qeyd edib ki, kitabda son illər yazdığı “Yarpaqlar töküləndə”, “Sevgi ağ rəngdə olur”, “Mənim sevimli yaddaşım”, “Qara nöqtə”, “Şopenin sonatası”, “Yelləncək, süpürgəçi qadın və pişik” və digər hekayələri yer alıb.
Kamran Nəzirli onu da vurğulayıb ki, kitabın ərsəyə gəlməsində “Aydınsav” Təbriz Nəşriyyatının müdiri və tərtibçisi Aydın bəy Dumanın, mətnləri fars dili əlifbasına uyuğunlaşdıran təbrizli şair və tərcüməçi Nurəddin bəy Müsəddiqinin müstəsna xidmətləri olub. Kitab kütləvi tirajla çap olunub və artıq satışa buraxılıb.
“Təbrizli qələm dostlarımdan mənim üçün sürpriz oldu, - K.Nəzirli bildirib, - düzü, iki ildən çox idi ki, onlar mənə bildirmişdilər ki, kitabı çap eləmək niyyətləri var. Mən də razılıq vermişdim. Bu müddət ərzində daha əlaqəmiz kəsilmişdi. İranda baş verən məlum hadisələr və digər problemlər kitabın işıq üzü görməsini gecikdirmişdi. Görünür, indi soydaşlarımızın ana dilində kitab nəşr eləmək və oxumaq imkanları artmışdır və bu da təqdirəlayiqdir. İranda ilk dəfədir kitabım çıxıb, sevinirəm ki, Cənubi Azərbaycan oxucuları ana dilimizdə mənim kitabımı da oxuya biləcəklər. Kitabın meydana gəlməsində əməyi olan hər kəsə, o cümlədən mənim qələm dostum qazi şairimiz Nazim əfəndiyə təşəkkürümü bildirirəm.”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!