Azər Turana məktub - Məhəmməd TURAN

Çoxdandı yazmıram. İmzamı tanıyan oxucuların, qələm adamlarının önündə etiraf etmək asan olmasa da, səmimi deyim, yaza bilmirəm.

Əslində bu yazıya da qayəsiz, mövzusuz başladım. İçimi didən yazmaq istəyilə oturdum yazı masasına.

Allah kərimdi! Nə olar, olar!

Həmişə bütün yazılarımda baş qəhrəman özüm olsam da, həmişə özümü bacardığım qədər gizlətməyə çalışmışam. Bilmirəm, niyə?

Ancaq yazmaq aclığı indi elə güc gəlib ki, bütün ruhumu vərəqlərə tökmək istəyirəm.

Yazı haqqında düşünməyə başlayarkən tərəddüd edirdim. Ancaq gözlənilmədən ağlıma, ya ürəyimə gələn "Azər Turana məktub" ifadəsi məni cəsarətləndirdi, tərəddüdümü darmadağın etdi. Niyə?

Çünki Azər Turan həmişə məndən yazı gözləyən və bunu dəfələrcə bildirən, mənim fidan şeirlərimi, ilk yazılarımı çap edən, həmişə ruhunu ruhuma yaxın bildiyim baş redaktorumdur.

Məncə, mövcud vəziyyətdə Azər Turanı elə "baş redaktorum" kimi adlandırmaq daha məqsədəuyğundur.

Mən şeirlər yazmışam. Şeirlərimlə az-çox tanıyıblar məni. Uşaq yaşlarıma bağışladığım, pafos yaxud çap olunmaq xətrinə yazdığım bir neçə yazını nəzərə almasaq, heç vaxt nəsr yazmağa nə həvəsim olub, nə də hövsələm.

Ancaq son zamanlar düşünə-düşünə elə içimdəcə yelə verdiyim mövzular məni yandırır. Deyirəm, gərək yazaydım.

Yazı vərdişindən aralanmaq yaradıcı insanı tükəndirir. Rəhmətlik Xəlil Rza Ulutürk gənclərə deyirmiş ki, həmişə yazın, hər gün yazın, zəif də olsa, yazın ki, formada qala biləsiniz. Görünür, şair haqlı məsləhət verib.

Eləcə də oxu vərdişindən də aralanmaq qələm adamını tükəndirirmiş.

Nə yalan deyim, son bir ildə əlimə kitab ala bilmirdim. Elə bu günlərdə babamın kitabxanasına girdim. Girən kimi yazıçı Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabını götürdüm və çəkildim oxumağa. Kitabı təzəcə yarılamışdım ki, içimdə dəli bir yazmaq həvəsi yarandı. İlahi, necə bir həvəs idi o?! Sanki sinəmdə bir nur bulağı meydana gəlmişdi.

Daha sonra Anarın "Dünya bir pəncərədir" kitabını oxudum.

Axır anladım ki, tənbəllik etmək yox, yazmaq lazımdır.

Anarın sözügedən kitabını oxuyarkən, yazıçının necə əmək, güc sərf etdiyi, yazı prosesində hansı əziyyətli məqamlardan keçdiyi dərhal hiss olunur. Daha doğrusu, görünür.

Sözüm ondadır ki, böyük yazıçıların mətnə sərf etdiyi əməyə baxıb, bu tənbəlliyi özümə heç yaraşdıra bilmədim.

Yazmalı çox mövzular var. Çox xatirələr, müşahidələr, görüşlər...

On beş yaşımdan vaxtilə daha qaynar olan ədəbi mühitə atılmağım, Şəmkirdən Bakıya müxtəlif ədəbi tədbirlərlə bağlı yol ölçməyim, tanışlıqlarım, gördüyüm, şahidi olduğum çox maraqlı hadisələr, söhbətlər, Belarusda keçən tələbəlik illərim, Belarus ədəbi mühiti ilə münasibətlərim və sair və ilaxır.

...Əziz Azər müəllim, qəlbimdən keçənləri sizin vasitənizlə ilk növbədə, sizə və oxuculara, imzamı xatırlayan dostlara bildirdim.

Sizlərə söz verirəm: yazacam!

...Şənbə günü içimdə saf və körpə bir ümidlə köşkə yollanacam...

Sevgilərlə,

Sizin Məhəmməd

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!